Olimpiya çempionumuz üçün özəl təlim-məşq toplanışı
15 may 2013 00:59
Pekin Olimpiya oyunlarının çempionu Elnur Məmmədli (81 kq) mayın 13-dən 22-dək Antalyada, Avropa Cüdo İttifaqının (EJU) himayəsi altında keçirilən təlim-məşq toplanışında iştirak edir. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının liderlərindən biri olan Elnur Məmmədli bu təlim-məşq toplanışına reytinq əsasında xüsusi dəvət alıb.
Beləliklə, E.Məmmədli yaxın on gündə Türkiyədə mövsümün ikinci yarısına hazırlaşacaq.
Təlim-məşq toplanışında Ukrayna, Gürcüstan, Fransa, Yunanıstan, Rusiya, Çexiya və başqa ölkələrin komandaları iştirak edir. Xatırladaq ki, bu mövsümdə E.Məmmədli hələlik yalnız Düsseldorfda Qran-pri yarışlarında çıxış edib və həmin yarışlarda elə ilk döyüşdə monqolustanlı rəqibinə məğlub olub.