Olimpiya çempionumuz dünya çempionatında iştirak etməyəcək
24 iyul 2013 16:42

Pekin Olimpiya Oyunlarının çempionu Elnur Məmmədli (81 kq) bu il avqustun sonunda Rio-de-Janeyroda keçiriləcək dünya çempionatında iştirak etməyəcək. Azerisport.az xəbər verir ki, Azərbaycan cüdoçusu həmin yarışlara əzmlə hazırlaşsa da, bu yaxınlarda keçirilmiş təlim-məşq toplanışında ayağı zədələnib.
İdmançı yarışlara qədər zədəsini sağalda bilməyəcək. Bu səbəbdən də o, mövsümün əsas turnirində iştirak etməyəcək.
Azərbaycan komandası iyulun 24-31-də Soçidə keçiriləcək təlim-məşq toplantılarında iştirak edəcək. Moskvada keçirilən “Böyük dəbilqə” turnirindən sonra Azərbaycan yığması Rusiya paytaxtında qalıb, məşqlərdə iştirak edib, sonra isə Soçiyə yola düşüb.
Xatırladaq ki, yığmamızın üzvü İlqar Müşkiyev (60 kq) “Böyük dəbilqə” turnirində bürünc medal qazanıb.