Azərbaycan cüdoçusu tarix yazdı (FOTOREPORTAJ)
1 sentyabr 2013 11:52

Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən cüdo üzrə dünya çempionatı Azərbaycan milli komandası üçün tarixi uğurla yekunlaşıb. Azerisport.az xəbər verir ki, 100 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Elxan Məmmədov qızıl medal qazanıb.
Bununla da Məmmədov ölkəmizin cüdo tarixində ilk dəfə dünya çempionu olan idmançıya çevrilib. Özü də 31 yaşlı idmançımız fəxri kürsünün ən yüksək pilləsinə əvvəllər çıxış etdiyi 90 kq çəki dərəcəsində yox, özü üçün yeni çəkidə qalxıb.
Cüdoçumuz mübarizəyə 1/16 final mərhələsindən başlayıb. O, əvvəlcə Or Sassonu (İsrail) üstələyib. 1/8 finalda Məmmədov David Alarzaya (İspaniya) qalib gəlib. 1/4 finalda Takaşi Ononu (Yaponiya) da üstələməyi bacaran təmsilçimiz yarımfinalda Soyib Kurbanovdan (Özbəkistan) üstün olub. Finalda Məmmədov 2012-ci il London Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Henk Qrolla (Hollandiya) üz-üzə gəlib. Bu görüşü də qalib başa vuran Məmmədov karyerasında ilk dəfə dünya çempionu olub.
Qeyd edək ki, əvvəllər cüdoçularımızdan Nazim Hüseynov və Elnur Məmmədli olimpiya çempionu olsa da, dünya çempionatlarında ən yaxşı halda gümüş medalla kifayətləniblər. Elxan Məmmədov isə yeni baş məşqçi Peter Zayzenbaherin rəhbərliyi altında tarix yazıb. Braziliyadakı dünya çempionatında daha öncə Orxan Səfərov (60 kq) bürünc medal qazanıb. Beləliklə, millimiz bu mundialı 1 qızıl, 1 bürünc medalla başa vurub.