Füzuli Ələkbərov: Bəzi cüdoçularımız qələbədən sonra hər şeyə nail olduqlarını düşünür
13 sentyabr 2013 16:58

Bu gün Azərbaycan Cüdo Federasiyasının prezidenti Füzuli Ələkbərov dünya çempionatında 1 qızıl və 1 bürünc medal qazanan milli komandanın üzvlərini qəbul edib. Azerisport.az xəbər veriri ki, toplantıda komandamızın nəticəsini yüksək qiymətləndirən federasiya rəhbəri Braziliyada yeni tarixin yazıldığını deyib:
"Cüdo üzrə yeniyetmələr və gənclərdə dünya çempionumuz var idi. Amma böyüklər arasında qızıl medal qazanmamışdıq. Bu mənada Rio de Janeyroda əldə olunan uğur tarixi nailiyyətdi. Sevindirici haldır ki, Elxan Məmmədov xarakter göstərərik sona qədər mübarizə apardı və istəyinə nail oldu. Orxan Səfərovun bürünc medalını da unutmamışıq. Əlbəttə, qaliblər eləcə də yığmanın məşqçilər korpusu bizim tərəfdən mükafatlandırılacaq. Federasiya rəhbərliyi olaraq idmançılarımızın və məşqçilərimizin əməyini hər zaman qiymətləndirmişik”.
Füzuli Ələkbərov bəzi idmançıların qələbədən sonra artıq hər şeyə nail olduqlarını düşündüklərini bildirdi. Onun sözlərinə görə gərək idmançı karyerasını mümkün qədər çox davam etsin: "Bu gün bəzi idmançılarımız qələbədən sonra hər şeyə nail olduqlarını düşünürlər. Amma elə olmalı deyil. Qələbə artıq tarixdi. İdmançı irəli baxaraq qarşıdakı yarışlar barədə düşünməlidi. Erkən yaşında karyerasını başa vuranları görəndə təəssüf hissi keçiririk. Çünki, potensialı yüksək olan idmançı hələ çox yarışlarda qələbə qazana bilər. Amma üzərində işləməməklə özü özünə problem yaradır” deyən federasiya rəhbəri tez bir zamanda məşqlərin bərpa olunmasının vacibliyini vurğuladı. Əsas hədəf 2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunları və 2016-cı ildə Braziliyada baş tutacaq Yay Olimpiya Oyunlarında uğurlu çıxış etmək olacaq. Füzuli Ələkbərov bu nəticənin mötəbər yarışlarda daha da yaxşılaşdırılacağına inamını ifadə etdi.
Azərbaycanda cüdonun maddi texniki bazasının yaxşılaşdırıldığını söyləyən federasiya rəhbəri baş məşqçi Peter Zayzenbaherin işindən razılıq bildirdi. Ölkəmizdə işlədiyi ilk ildə özünü doğruldan Zayzenbaherdan gələcəkdə də uğur gözlədiyini dedi: "Zayzenbaher üçün ilk il çətin oldu. Yeni mühitə öyrəşmək və komandanı tanımaq lazım idi. Mentaliteti biləndən sonra nəticə əldə etmək mümkündü. Həm də idmançılarımız da Zayzenbaherə öyrəşməli idi. Məhz məşqçinin istəyi ilə Azərbaycanda klublar arasında yarış keçirilir. Mən deyərdim ki, bu turnir rəqabət yaratmaqla yeni idmançıları bizə tanıdır. Bu yarışdan razıyıq. Eyni zamanda seleksiya işləri də davam etdirilməlidi. Zayzenbaherlə gənclər barədə danışmışıq. Milli üzvləri rəqabəti hiss etməlidi. Cüdoçuların layiqli əvəzedicisi olmalıdı. Biz qarşıdakı yarışları düşünməliyik. Bir qələbənin eyforiyası ilə yaşamamalıyıq”.
Dünya çempionu Elxan Məmmədov çıxış edərək federasiyaya yaradılan şəraitə görə təşəkkür etdi. Cüdoçu baş məşqçi Peter Zayzenbaherin işi barədə danışdı: "İlk olaraq yaradılan şəraitə görə təşəkkür etməliyik. Ötən il London olimpiadasından qayıdandan hamımız məyus olmuşduq. Çünki, medal qazana bilmədik. Elə olanda komandamız haqda çoxlu sayda müxtəlif fikir səsləndirildi. İndidə hamı cüdoçulardan danışır. Braziliyadakı uğurumuz azarkeşləri yenidən komandaya inanmağa məcbur etdi. Məşqlər barədə bir neçə söz demək istəyirəm. Yığma bu gün yeni qaydada məşq keçir. İnanın, əvvəllər əcnəbi cüdoçuların məşqini internetdə izləyirdim.İndi Peter Zayzenbaher bizi Avropa səviyyəsində hazırlaşdırır. Bu mənada uğurumuzda yeni məşq sisteminin də rolu var”.
Füzuli Ələkbərov Zayzenbaherin gəlişiylə millidə nizam-intizamın gücləndiyini söylədi. Onun sözlərinə görə nizam-intizam olmayan yerdə nəticə barədə düşünmək düzgün deyil. Federasiya rəhbərliyi gələcək yarışlarda da Elxana inandığını vurğuladı: "Elxan gələcək yarışlarda üzərində çalışmalıdı. Cüdoçularımız bir qələbədən sonra növbəti yarış haqda düşünməlidi. London olimpiadasında medal qazanmasaq da xalqımız bizə inanmaqda davam edirdi. Bu gün sevindirici haldır ki, ümidləri doğrultduq”.
Qeyd edək ki, ACF-nın prezidenti dünya çempionu Elxan Məmmədov, bürünc medalçı Orxan Səfərov, baş məşqçi Peter Zayzenbaherə, eləcə də yığmanın digər üzvlərinə pul mükafatı təqdim etdi.