Azərbaycan AÇ-də daha bir medal qazandı
22 sentyabr 2013 01:05
Sarayevoda gənclər arasında cüdo üzrə Avropa birinciliyi davam edir. Azerisport.az xəbər verir ki, çempionatın ikinci günündə Azərbaycanın beş cüdoçusu çıxış edib.
73 kiloqramadək kateqoriyada iki atletimiz medallar uğrunda mübarizə aparıb. Hüseyn Rəhimli yarışın əvvəlində finlandiyalı Klaus Verlinə qalib gəlib. Daha sonra atletimiz Belarusdan olan Timur Xasimovu məğlub edib. Lakin 1/8 finalda Hüseyn Rəhimli belçikalı Semmi Çouçiyə uduzaraq Bosniyada çıxışını başa vurub.
Afiq Səfərli isə öz növbəsində, latviyalı Mixail Steynbuksu və Çernoqoriyadan olan Edvin Kalaçı məğlub edib. Lakin üçüncü dövrədə idmançımız gürcüstanlı Levan Quqavaya məğlub olaraq mübarizəni dayandırıb.
81 kiloqramadək kateqoriyada Məmmədəli Mehdiyev italiyalı Rafael D’Alessandronu, sonra isə Mixael Kistleri məğlub edib. İdmançımız 1/8 finalda Almaniya təmsilçisi Dominik Resseldən güclü olduğunu göstərib. Ardından bolqarıstanlı İvaylo İvanova da qalib gələn həmyerlimiz yalnız yarımfinalda rusiyalı Aslan Lappinaqova uduzub. Təsəlliverici görüşdə britaniyalı Maks Stüart üzərində qələbə idmançımıza bürünc medal qazandırıb.
Bu çəki dərəcəsindəki digər təmsilçimiz Abdulhaqq Rəsullu isə yarışa Serbiya idmançısı Stefan Majdov üzərində qələbə ilə başlayıb. Ardından slovakiyalı Filipp Stançel üzərində qələbə sayəsində 1/4 finala çıxan həmyerlimiz bu mərhələdə polşalı Tomas Şepanyaka uduzub. Amma o, buna rəğmən təsəlliverici görüşlərdə qalib gələrək bürünc medal qazana bilərdi. Təəssüf ki, idmançımız britaniyalı Maks Stüarta uduzmaqla bu şansı əldən verib.
Qızlar arasında yarışda Xanım Hüseynova (63 kq) ilk döyüşdə Böyük Britaniyadan olan Cemime Dyuksberriyə ipponla uduzub.
Qeyd edək ki, Sarayevoda keçirilən çempionatda yığma komandamızın hesabında bundan öncə iki qızıl, iki bürünc mükafat vardı. Fəxri kürsünün ən yüksək pilləsinə Davud Məmmədov (55 kq) və Rəşad Rufullayev (60 kq) qalxmışdılar. Bürünc medallar isə Mehman Sadıxov (55 kq) və Oruc Vəlizadənin (60 kq) aktivindəydi.