Beynəlxalq yarışlarda ölkəmizi uğurla təmsil etmiş cüdoçular mükafatlandırıldılar
3 oktyabr 2013 20:54
Bu gün - oktyabrın 3-də Azərbaycan Cüdo Federasiyasının prezidenti Füzuli Ələkbərov mötəbər beynəlxalq yarışlarda yüksək nəticələr göstərmiş yeniyetmə və gənc cüdoçularla görüşüb. Azerisport.az xəbər verir ki, görüşdə bu ilin ötən dövründə beynəlxalq səviyyəli yarışlarda ölkəmizi uğurla təmsil etmiş cüdoçular mükafatlandırılıblar.
Məlumat verilib ki, Azərbaycanın cüdo üzrə yeniyetmə və gənclərdən ibarət yığma komandaları 2013-cü ilin ötən dövründə Beynəlxalq Cüdo Federasiyasının təqvimində olan ən önəmli yarış və çempionatlarda 66 medal qazanıblar. Belə ki, yeniyetmə cüdoçularımız 17 qızıl, 13 gümüş, 11 bürünc, gənc cüdoçularımız isə 8 qızıl, 2 gümüş və 15 bürünc medal əldə ediblər. Estoniyanın paytaxtı Tallində 21-23 iyun tarixlərində keçirilən yeniyetmələrin Avropa çempionatında isə komandamız 2 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıb. Çempionata 40 ölkədən 438 iştirakçı qatılmışdı və yeniyetmə cüdoçularımız 6 medalla komanda hesabında üçüncü yeri tutublar.
Cüdoçularımız Mayamidə keçirilmiş yeniyetmələr arasında dünya çempionatında da 1 qızıl və 1 gümüş medal qazanıblar. Həmin yarışda dünyanın 91 ölkəsindən 608 yeniyetmə cüdoçu mübarizə aparırdı. Millimiz dünya birinciliyini komanda hesabında yeddinci yerdə başa vurub. Eyni zamanda, iki cüdoçumuz 2014-cü ildə Çində keçiriləcək yeniyetmələrin Olimpiadasına lisenziya qazanıb.
Gənclərdən ibarət yığma komandamız da sentyabrın 20-22-də Bosniya və Herseqovinanın Sarayevo şəhərində keçirilən gənclər arasında Avropa çempionatında 5 medal (2 qızıl və 3 bürünc) qazanıb. Azərbaycan bu çempionatda 43 ölkə arasında üçüncü yeri tutub.
Çıxışlarda Sloveniyanın Lyublyana şəhərində oktyabrın 24-27-də keçiriləcək dünya çempionatında Azərbaycanın gənclərdən ibarət cüdo üzrə milli yığma komandasının qələbə qazanacağına əminlik ifadə olunub. Qeyd olunub ki, cüdoçularımız 2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunlarında xalqımıza qələbə sevincləri bəxş edəcəklər.