Ağayar Axundzadə: Elnur Məmmədli məşqləri davam etdirməlidi
6 oktyabr 2013 13:38
Cüdo millimizin sabiq baş məşqçisi Ağayar Axundzadə olimpiya çempionu Elnur Məmmədlinin karyerasını başa vurmaq istəməsinə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Zədələr Məmmədlini daim izləyib. Onu yaxından tanıyan bir insan kimi deyə bilərəm ki, son zədəsi ciddi idi. Ayağı şişdi, əməliyyat elədilər, amma yenə düzəlmədi. Buna baxmayaraq onun karyerasını başa vurmaq barədə düşünməsi təəssüf hissi yaşadır. Elnur böyük potensialı və istedadı olan idmançıdı. O adi cüdoçu deyil. Məmmədli hələ bütün bacarığını nümayiş etdirməyib.Digər tərəfdən karyerayla bağlı məsələdə qərarı yalnız özü qəbul edə bilər. Çünki, o seçməlidi davam yoxsa tamam. Biz yalnız onun qərarına hörmətlə yanaşa bilərik. Unutmaq olmaz ki, Elnur olimpiya çempionu, 2 dəfə Avropa çempionatının qalibidi”.
Ağayar Axundzadə Məmmədliyə məşqləri davam etdirməyi məsləhət gördüyünü söylədi: "Əgər karyerasını başa vursa belə məşqləri dayandırmaq olmaz. Çünki, uzun illər güclü məşqlərdə iştirak edib. Birdən birə məşqləri dayandırsa orqanizmə zərbə olacaq. Digər tərəfdən özünə də demişəm ki, gəlsin zala və məşq eləsin. Qoy ayağını yenidən müayinə etsinlər. Bəlkə, alınacaq və o növbəti yarışlara hazırlaşa biləcək. Bir qədər çəki salmaq lazımdı. Elnur 90 kq-da da sözünü deyə bilər. Amma çəkisini bir qədər azaltmalıdı. Birdən birə getmək olmaz. Qoy hazırlığı davam etdirsin, ola bilər məşq onun fikrini dəyişdirsin”.