Cüdoçularımız narahatdır
31 oktyabr 2013 13:52

Cüdoçulardan ibarət yığma komandamız məşqlərini davam etdirir. Azerisport.az xəbər verir ki, millimiz bir müddətdir “Neftçi”nin keçmiş bazasında, indiki RİOEUGİM-də toplaşıb.
Dünənə kimi, camiyədə üzlər gülürdü. Elxan Məmmədov bu ilin sentyabrında Rio de Janeyroda keçirilmiş dünya çempionda baş mükafata sahib çıxmaqla, London olimpiadasında uğursuzluğu unutdurmuşdu, axı.
Amma ötən günlərdə Cüdo federasiyasının prezidenti Füzuli Ələkbərovun Əmək və Əhalinin Sosial Mudafiəsi Naziri postundan vidalaşması nəticəsində, tatami ustalarımızı yenidən fikir bürüyüb.
Vəziyyət bizə belə nəql olunur ki, London-2012-dən sonra baş verən köklü dəyişikliklər milli komandanın işinə yarayıb. Peter Zeyzenbaher baş məşqçi gələrkən, ACF-in qarşısına bir sıra şərtlər qoyub. Bunlardan ən başlıcası maliyyə ilə bağlı olub. Yığmada nəticə verən idmançıların maaşları artırılmaqla bərabər, Avropa və dünya çempionatlarındakı mükafat fondu Güləş federasiyasında olduğu kimi, 100.000 manatı (hər çəkidə) aşıb.
Çünki ilk gündə cüdoçularımızın məvacib və mükafatları ilə tanış olan avstriyalı mütəxəssis, durumdan çox narazı qalmış, bunun davamlı yüksək nəticələrin qazanılmasının çətin olacağını vurğulamışdı.
Digər məsələlər millinin üzvlərini daim tibbi müayinədən keçirilməsi, ölkə xaricində uzun müddətli təlim-məşq toplanışlarıdır. Bu il komandamızın böyük heyətlə Yaponiyada hazırlıqda olması, əvvəlki dönəmdə baş tutan iş deyildi.
Yeri gəlmişkən, belədə, incə bir məqam nəzərdən qaçmır. Öncəki baş məşqçi Ağayar Axundzadə bunları istəmirdimi? Təbii ki, istəyirdi. Sadəcə, bizdə əcnəbi mütəxəssislər sözü, yerlilərdən daha keçərli olur.
İndi cüdoçularımız baş verən son dəyişiklikdən narahatdırlar. Onlar avstriyalı mütəxəssisin postunda qalmasını və yaxşılaşmış maddi vəziyyətlərinin sabit qalması üçün Allaha dua edirlər.