Peter Zayzenbaher: Elxan Məmmədovu çox yükləmək istəmirik
14 noyabr 2013 12:47

Azərbaycan cüdo millisinin baş məşqçisi Peter Zayzenbaher azerisport.az saytına açıqlamasında yığmanın hazırlığından, Abu-Dabi Qran-Prisindən, Elxan Məmmədovun vəziyyətindən danışıb. Hazırda təlim-məşqdə olan yığma gündə 2 dəfə məşq edir.
İdmançıların dözümlülüyü artırmaq üçün bəzən ağır yükləmələr də olur. Məşqlərdə yalnız dünya çempionu Elxan Məmmədov iştirak etmir. Məhz bu səbəbdən onun Abu-Dabiyə aparılacağı sual altındadı. Peter Zayzenbaher vəziyyəti belə izah etdi:
"Elxan Məmmədovu çox yükləmək istəmirik. O, fərdi qaydada hazırlaşır. Yığmaya hələ qoşulmayıb. Ona görə Abu-Dabiyə aparılacağı sual altındadı. Həftəsonu milliylə birlikdə məşqlərə başlamalıdı. Əgər optimal formanı bərpa edə bilsə bizimlə gedəcək. Əks halda Bakıda qalacaq".
Yığmanın baş məşqçisi təqvimə əsasən komandanın bir sıra Qran-Prilərdə iştirak etmədiyini belə izah etdi: "Son illər cüdoçuların təqvimi çox sıxdı. Azərbaycan millisi bir sıra Qran-Prilərdə iştirak etmədi. İlk olaraq deyim ki, bütün yarışlarda iştirak etmək sadəcə mümkün deyil. Onda gərək idmançılar məşq etməsin. Hazırlığa vaxt qalmayacaq və günləri yolda keçirəcəyik. Bu amili nəzərə alaraq əsas yarışlarda iştirak edirik. Abu-Dabidə böyük rəqabət olacaq. Hər bir idmançımızı güclü rəqiblə görüş gözləyir".
Peter Zayzenbaherin sözlərinə görə cüdoçular üçün artıq yeni mövsüm başlayıb. Çünki, turnirlərdə lisenziya xalları oynanılır. BƏƏ-də keçirilən yarışda da əsas məqsəd reytinq xallarının artırılması olacaq: "Cüdoçularımızın əsas məqsədi reytinq xallarının artırılması olacaq. Biz indidən Braziliyada keçiriləcək Yay Olimpiya Oyunları barədə düşünməliyik. Komandamız Rioya bütün heyətlə yollanmaq istəyir. Xalları indidən qazanmaq lazımdı. Bu mənada Abu-Dabiyə səfərimiz asan olmayacaq".
Azərbaycan çempionatının nəticələrinə gəldikdə Zayzenbaher cüdoçulardan razı qaldığını bildirdi. Amma fərqlənən idmançıların Abu-Dabiyə aparılmasının mümkün olmadığını söylədi. Reqlamentə əsasən hər çəkidə 2 cüdoçuya iştirak etməyə icazə verilir. Buna görə yeni adlar səfərə aparılmayacaq. Qeyd edək ki, millimiz Qran-Priyə 15 cüdoçuyla yollanır. Kişilər arasında ilk 22, qadınların sıralamasında 16 ən yaxşı cüdoçu olimpiya oyunlarına lisenziya qazanır.