Orxan Səfərov: Rio turnirindən sonra adlı-sanlı rəqiblər qarşısında həyəcanım ötdü
27 dekabr 2013 00:11
DÇ-nin bürünc mükafatçısı Orxan Səfərov azerisport.az saytına açıqlamasında klublar arasında ölkə çempionluğunu qazanmasından, Rio turnirindən və gələcək planlarından danışıb:
“Attila”nın klublar arasında ölkə çempionluğunu qazanması böyük təcrübə oldu. Haradasa, bu uğuru Yeni İl hədiyyəsi adlandırmaq olar. Rio turnirinə gəlincə, ora yalnız iştirak üçün deyil, qələbə dalınca yollanmışdım. 60 kq çəki kateqoriyasında az qala hər yarışda sürprizlər baş verir. Yığmanın heyətinə düşmək üçün dörd idmançı mübarizə aparır və ona görə də arxayınlaşmaq olmaz. Məşqçim Peter Zayzenbaxerin rəhbərliyi altında fiziki göstəricilərimi yaxşılaşdırmışdım. Tənəffüslə bağlı problemlərim vardı, ancaq indi bütün təzyiqlərə tab gətirirəm. Taktiki bacarığım da artıb. Qarşıdakı AÇ-də özümü göstərmək fikrim var. Rio turnirində adlı-sanlı rəqiblər qarşısında həyəcanım olsa da, yarışdan sonra bu hal ötdü.