Hərbçilərin dünya oyunlarında daha bir medal

"Neftçi İdman Klubu”nun daha bir idmançısı Hərbçilərin VI Dünya Oyunlarında ölkəmizə medal qazandırıb. Azerisport.az xəbər verir ki, Cənubi Koreyanın Munqyeonq şəhərində keçirilən oyunlarda növbəti uğura klubun taekvondoçusu, Avropa Oyunlarının qalibi Ayxan Tağızadə (68 kq) imza atıb.
1/8 finaldan mübarizəyə qoşulan idmançımız öncə kanadalı Harkourt Lorden (14:6), ardınca Venesuela təmsilçisi Edqar Kontreras (9:2) üzərində qələbə qazanıb və yarımfinala yüksəlib. Bu mərhələdə də Ayxan inamlı döyüşüb və İtaliya taekvondoçusu Kladio Trevisonu məğlubiyyətə uğradıb – 7:5. Həlledici final qarşılaşmasında 5:9 hesabı ilə məğlub olan Tağızadə gümüş medala sahib çıxıb.
Xatırladaq ki, bu, sözügedən klubun idmançılarının yarışda qazandığı 5-ci medaldır. Oyunların əvvəlki günlərində daha 4 idmançı bürünc medala sahib olmuşdu: cüdoçular Nicat Şıxəlizadə (66 kq), Hüseyn Rəhimli (73 kq), Elmar Qasımov (100 kq) və sərbəst güləşçi Ağahüseyn Mustafayev (65 kq).