Azərbaycan cüdoçusu Avropa kubokunda bürünc medal qazandı

Avstriyanın Obervart şəhərində cüdo üzrə Avropa kubokuna start verilib. Azerisport.az xəbər verir ki, yarışın ilk günü Azərbaycan milli komandası üçün uğurlu olub.
60 kq çəki dərəcəsində mübarizə aparan Vüqar Şirinlinin çıxışı uğurşlu alınıb. Millimizin cüdoçusu yarımfinala gedən yolda monakolu Yan Sikkardi, kanadalı Serxio Pessoa və braziliyalı Erik Takabate üzərində qələbə qazanıb. Yarımfinalda isə tatami sahibi Lüdovik Peyşerə məğlub olub. Lakin Qırğızıstan cüdoçusu Otar Bestaevə qalib gələrək mötəbər turnirin bürünc medalını qazanıb.
Cüdoçularımızdan Davud Məmmədsoy (60 kq) və Fəqan Quluzadə (73 kq) Avropa kubokunda 5-ci olublar.
Digər cüdoçularımız - Oruc Vəlizadə, Elbrus Zamanov (hər ikisi 60 kq), Telman Vəliyev, Rəşad Rufullayev, Turan Seyidov (hamısı 66 kq), İsmayıl Piriyev, Vüqar Bayramov (hər ikisi 73 kq) mübarizəni erkən dayandırıblar.