Azərbaycan cüdoçuları Perunu 4 medalla tərk edirlər

Perunun paytaxtı Limada cüdo üzrə Panamerikanın açıq çempionatına yekun vurulub. Azerisport.az xəbər verir ki, Olimpiya Oyunlarına lisenziya xarakterli yarışın sonuncu günü də Azərbaycan milli komandası üçün uğurlu olub.
81 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Əbdülhəqq Rəsullu yarımfinala gedən yolda tatami sahibi Danil Vizkarra və ABŞ cüdoçusu Şintaro Hiqaşini məğlub edib. Yarımfinalda liviyalı Nacif Eliasa uduzan Rəsullu bürünc medal uğrunda mübarizəyə qoşulub. Bu mərhələdə Türkiyə təmsilçisi Əmirxan Yucel ilə qarşılaşan cüdoçumuz qələbə qazananraq mötəbər turnirin bürünc medalına sahib olub.
90 kq çəki dərəcəsində mübarizə aparan Tural Səfquliyev 5-ci olub.
Digər iki cüdoçumuz – Hüseyn Rəhimli (81 kq) və Çahin Qəhrəmanov (90 kq) isə mübarizəni erkən dayandırıblar.
Qeyd edək ki, yarışın ilk günündə millimizin aktivinə Vüqar Şirinli (60 kq) qızıl, Elburus Zamanov (60 kq) və Aişə Qurbanlı (48 kq) bürünc medal yazdırıb.
Bununla da, Azərbaycan milli komandası Perunun paytaxtı Limada cüdo üzrə Panamerikanın açıq çempionatında çıxışına 4 medal (1 qızıl və 3 bürünc) qazanaraq yekun vurub.