Rüstəm Orucov: 16 ildir bu medalı gözləyirdim

Cüdo üzrə Avropa çempionu Rüstəm Orucovun azerisport.az saytına müsahibəsi
- Kazana gələndə Avropa çempionu olacağını gözləyirdin?
- Düzünü deyim ki, mükafatçılar sırasında olmaq istəyirdim. Hər bir idmançı qızıl medal arzulayır. Hər gün məşq edirdik. Yekun haqda düşünməyə vaxt olmurdu. İlk döyüşlərdə qələbə qazanandan sonra çempionluq haqda fikirləşməyə başladım. Bu Avropa çempionatını unutmayacam. Mənim üçün ən yaxşı anlarla yadda qaldı.
- Ən çətin görüşün hansı oldu?
- Final görüşüm olduqca çətin alındı. Təsəvvür edin ki, rəqib olimpiya çempionudur. Gürcü idmançıyla əvvəllər də qarşılaşmışıq. Ümumi görüşlərimizin nəticəsi mənim xeyrimədir. Qitə birinciliyində mübarizə aparmaq ikiqat çətin olur. Avropa çempionatında qızıl medal mənim üçün özəl xatirələrdir.
- Azərbaycan son dəfə qitə qızılını bilirsən nə vaxt qazanıb?
- Səhv etmirəmsə, 2011-ci ildə. O vaxt Elnur Məmmədli Avropa çempionu olmuşdu. 5 illik həsrət bitdi. Əslində Orxan da qızılın bir addımlığındaydı. Komandamızda yaxşı idmançılar çoxdur. 5 ildən sonra Azərbaycan idmançısının qızıl medal əldə etməsi böyük uğurdur.
- Yarımfinalda rus idmançısıyla görüşün heç də asan olmadı. Ona qarşı Kazanda çıxış etmək nə dərəcədə çətin idi?
- Bütün zal Rusiya qışqırırdı. Ona çox dəstək olurdular. Bu başa düşüləndi. Heç kimə baxmırdım. Ancaq öz işimi görürdüm. Son anda istədiyimi yerinə yetirdim. Yarımfinaldan sonra ancaq çempionluğu arzulayırdım. Bu qələbədə federasiya, məşqçilər və mənə dəstək olan insanların əməyi az deyil.
- Avropa çempionu olmaq sənin üçün nə deməkdir?
- Mən bu medalı 16 ildir gözləyirdim. İndiyə qədər 3 Avropa çempionatında iştirak etmişəm. Heç vaxt medal qazanmamışam. İndi isə qızıla layiq görüldüm. Çox xoşbəxtəm. Bununla kifayətlənmək istəmirəm. Üzərimdə daha çox çalışmalıyam. İndi bizim üçün hər cür şərait yaradılıb. Ona görə daha səylə məşq etməliyik.
- Finala gedəndə məşqçilər nə dedi sənə?
- Final görüşünə çıxanda məşqçimiz Fərhad müəllim dedi "çıx nəyi bacarırsan göstər". Bütün məşqçilərimiz mənə inanırdı. Baş məşqçi də məsləhətlərini verdi. Dedilər "bacaraqsan". Hamısı deyirdi ki, "gücünü göstərsən, qızıl medal sənindi". Gürcü idmançı texniki cəhətdən çox yaxşı formada idi. Ona görə bir qədər ehtiyatlı davranırdım.
- 2016-cı il olimpiada ilidir. Yəqin Rio ilə bağlı daha böyük arzuların var?
- Avropa çempionu olmaq arzularımdan biri idi. Rioda Azərbaycanı layiqincə təmsil etmək istəyirəm. Sözsüz ki, olimpiada medalı tam fərqli hisslərdir. Bu gün çempion olmuşam. Amma bir neçə gündən sonra bütün diqqətim Rio-ya yönələcək. Heç bir proqnoz vermək istəmirəm. İdmançı kimi məşq etməliyəm. Üzərimdə işləmək mütləqdir.