Bakıda keçiriləcək AÇ-də 700-dək idmançı mübarizə aparacaq
9 fevral 2012 19:18

Xəbər verdiyimiz kimi, Azərbaycanda ilk dəfə gənclər və yeniyetmələr arasında karate üzrə Avropa çempionatı keçiriləcək. Azerisport.az xəbər verir ki, artıq 40-dan çox ölkənin 700-dək idmançısı ölkəmizdədi.
Bu sözləri fevralın 9-da Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov deyib. O, bildirib ki, Avropada hökm sürən əlverişsiz hava şəraiti idmançıların ölkəmizdə keçiriləcək çempionatda iştirakına mane olur. Buna baxmayaraq, Avropa ölkələrindən karateçilərin gəlməsi hələ də davam edir.
Ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışan Y.Bəşirov Dünya Karate Federasiyasının prezidenti Antonio Espinosun çempionatı izləyənlər arasında olacağını diqqətə çatdırıb. O, vurğulayıb ki, idmançılarımız artıq üç aydır çempionata hazırlaşırlar. Onlar İsveçrə, Fransada beynəlxalq turnirlərdə iştirak edib və “Sərhədçi” İdman Olimpiya Mərkəzində təlim-məşq toplanışında olublar.
Y.Bəşirov çempionatda idmançılarımızın minimum 5 medal qazanacaqlarına ümid etdiyini söyləyib. Böyüklərdən ibarət millinin baş məşqçisi Rəhman Hətəmov, dördqat dünya, yeddiqat Avropa çempionu Rafael Ağayev də hazırlıq prosesində karateçilərimizə kömək ediblər. Avropa Karate Federasiyasının baş katibi Corc Yerolimpos Azərbaycan karateçilərinin beynəlxalq arenada qazandıqları uğurlardan danışmış, ölkəmizin mötəbər beynəlxalq yarışlara ev sahibliyindən məmnunluğunu ifadə edib. Bildirilib ki, üç gün davam edəcək çempionat yüksək səviyyədə təşkil olunacaq. Bu da karatenin WKF versiyasının Olimpiya Oyunlarının proqramına salınması üçün bir təkan olacaq. Hazırda məhz bu istiqamətdə işlər görüldüyünü söyləyən C.Yerolimpos 2013-də məqsədə nail olacağına ümidini bildirib.
Karate üzrə Avropa çempionatı fevralın 10-12-də Bakıdakı Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçiriləcək. Ölkəmizi kata yarışlarında Rövşən Əliyev (16-17 yaş), Ağabəy Mirzəyev (17-18 yaş), Elvin Eyvazov (18-20 yaş) təmsil edəcəklər.
Çempionatda 14-15 yaşlı idmançıların kumite üzrə mübarizəsində millimizin heyətində Hüseyn Alıyev (52 kq), Cavid Qəniyev (57 kq), Vüsal Kamallı (63 kq), Fərid Əliyev və Sərxan Quluzadə (hər iksi 70 kq) yer almışlar. 16-17 yaşlılardan Nicat Abbasov (55 kq), Üzeyr Alışanov (61 kq), Şamil Quliyev (68 kq), Rəsul Əlizadə (76 kq), Səyyad İldırımzadə (76 kq-dan yuxarı), Aytac Əliyeva (47 kq), Sevinc Mehdiyeva (48 kq), Tansul Bağırova (53 kq), Asiya Məlikova (54 kq), Fəridə Əliyeva (54 kq-dan yuxarı), Aysel Babayeva (59 kq), Fəridə Abiyeva (59 kq-dan yuxarı) birincilik uğrunda mübarizə aparacaqlar.
Yarışda 18-20 yaşlılar arasında isə millimizin heyətində Tural Ağalarzadə (68 kq), Ayxan Mamayev (76 kq), Asiman Qurbanlı (76 kq-dan yuxarı), Nuranə Əliyeva (53 kq), İlahə Qasımova (60 kq) və Aytən Yusifqızı (60 kq-dan yuxarı) yer alıblar.