Karateçilərimiz Portuqaliyada iki medal qazandı
9 fevral 2014 11:55
Portuqaliyada 14-17 yaşlı yeniyetmə və gənclərin 41-ci, 18-21 yaşadək gənclərin isə 6-cı Avropa çempionatının ikinci yarış gününə yekun vurulub. Azerisport.az xəbər verir ki, 16-17 yaşlı gənclər arasında 9 karateçimizdən iki nəfəri müxtəlif əyarlı medallara sahib olublar.
Ülvi Qurbanov (-55 kq) gümüş medal, Hüseyn Əliyev (-61 kq) isə bürünc medal qazandı. Fəridə Əliyevanın (+59 kq) bürünc mükafat şansı olsa da, təəssüf ki, perspektivli karateçimiz təsəlliverici döyüşlərdə bu imkanı əldən verdi və ilk yeddilikdə yer alıb. Nisbətən aşağı nəticələrə gəlincə Lissabondakı yarışın birinci günü 14-15 yaşlı yeniyetmələr arasında 6 idmançımızdan yalnız Şölə Həsənova da (-47 kq) ilk yeddiliyə, ertəsi gün isə Tural Balcanlı doqquzluğa düşə bilib.
Fevralın 8-də, ikinci yarış günündə 16-17 yaşlı gənclərin kata və kumite, həmçinin 18-21 yaşadək qızların kata çıxışları keçirilib.
Lissabonun “Meo Arena” idman kompleksində fevralın 9-da yarışın axırıncı günü 18-21 yaşlı gənclər mübarizəyə qatılacaq. Bu yaş qrupu üzrə daha 4 karateçimiz kumite yarışlarında iştirak edəcək.
(MKF)