Karateçilərimiz AÇ-yə köklənirlər
22 aprel 2014 11:55

Böyüklərdən ibarət milli komandamız məsul yarış ərəfəsindədir. Azerisport.az xəbər verir ki, karateçilərimiz 1-4 may tarixlərində Finlandiyanın Tampere şəhərində 49-cu Avropa çempionatına yola düşürlər.
Baş sponsor Azərbaycan Beynəlxalq Bankının (ABB) dəstəyi ilə bu mötəbər yarışa böyük nümayəndə heyəti gedəcək.
AMKF-in prezidenti Yaşar Bəşirov və birinci vitse-prezident İlham Qasımzadənin rəhbərliyi ilə heyətə assistent Aytən Zeynalova, media katibi Sənan Məhərrəmov, həkim Pərvin Əkbərov, eləcə də aşağıda adları qeyd edilən 3 məşqçi və 5 beynəlxalq hakim də daxil edilib. Beynəlxalq dərəcəli referilər - federasiyanın hakimlər komitəsinin sədri Cahangir Babayev, Yusif Məmmədov, Şahin Xudaverdiyev, Anar Allahverdiyev və Vüqar Kərimov yarışı idarə edən hakimlər arasında olacaqlar.
Aprelin 21-də idmançılarımız milli komandaların baş məşqçisi, əməkdar məşqçi Rəhman Hətəmov və köməkçi məşqçi Rəşad Hüseynovla birgə son hazırlıqlara başladılar. Həmçinin kata üzrə böyük məşqçi Vahid Ayvazov bir həftəlik təlim-məşqlərdə iştirak edir.
Təəssüf ki, milli komandamız qitə çempionatına itki ilə yollanır. Dünya karatesinin “briliyantı” və komandanın lideri Rəfael Ağayev (-75 kq) zədə səbəbindən yarışda iştirak edə bilməyəcək. Aprelin əvvəlində İstanbulda “Boğaziçi” açıq beynəlxalq turnirinin finalında qalib qalib gəlsə də yenidən dizindən zədələnən R.Ağayev həkimlərin məsləhəti ilə yaxın günlərdə 2-ci dəfə məcburi əməliyyat olunmalıdır. Onu Rafiz Həsənov (-75 kq) əvəz edəcəkdir.
Təlim-məşqlər, AMKF-in baş sponsoru ABB-nin “Şəfa” İdman Sağlamlıq Mərkəzində təqdim etdiyi yeni zallarda keçirilir. Məşqçilər heyəti 12 idmançılya etimad göstərib. Məcid Əmirov (-60 kq), Niyazi Əliyev (-67 kq), Ayxan Mamayev (-84 kq), Şahin Atamov (+84 kq), Nuranə Əliyeva (-50 kq), İlahə Qasımova (-55 kq) və Fəridə Abiyeva fərdi kumitedə, Asiman Qurbanlı, Rafiz Həsənov və Tural Ağalarzadə komanda kumite yarışında, Tural Balcanlı isə fərdi kata çıxışında iştirak edəcək.
Qadın karateçilərimiz ilk dəfə komanda yarışlarına çıxacaqlar. Aprelin 29-da Finlandiyaya yola düşən Azərbaycan idmançıları mayın 6-da vətənə dönəcəklər.
(AMKF)