Yeniyetmə karateçilərimiz IV Beynəlxalq Rumi Uşaq İdman Oyunlarından 6 medalla qayıdırlar
23 aprel 2014 12:55

Yeniyetmələrdən ibarət yığma komandamızın üzvləri Türkiyənin Konya şəhərindən IV Beynəlxalq Rumi Uşaq İdman Oyunlarından 6 medalla dönürlər. Azerisport.az xəbər verir ki, komandanın böyük məşqçisi, əməkdar məşqi Anar Allahverdiyevin rəhbərliyi ilə yarışda iştirak edən idmançılarımız 2 qızıl, 1 gümüş və 3 bürünc medala sahib olublar.
Perspektivli karateçilərimizdən Murad Hacızadə (+70 kq) və Roman Heydərov (kata) bu nüfuzlu yarışın qalibi olublar. Kənan Ağalarzadə (-57 kq) gümüş medal qazanıb. Qasım İsgəndərov (-52 kq), Fidan Teymurova (-47 kq) və Şölə Həsənova (-54 kq) isə bürünc mükafatlara layiq olublar. Bu nəticə ilə Azərbaycan idmançıları komanda hesabında 3-cü yeri tutublar.
Hakimlər Cavid Rəfiyev və Namiq Pirverdiyev də qardaş ölkədəki yarışda iştirak ediblər. Ümumiyyətlə uşaqlar arasında bu mötəbər yarışa 31 ölkədən 1014 azyaşlı idmançı qatılıb. Onlar 13 idman növündə mübarizə aparırlar. IV Beynəlxalq Rumi Uşaq Idman Oyunları aprelin 24-də başa çatacaq.
(AMKF)