Karateçilərimiz medallara sahib olublar
3 may 2014 23:00
Niyazi Əliyev (-67 kq), Şahin Atamov (-84 kq) və Nuranə Əliyeva (-50 kq) Finlandiyanın Tampere şəhərində 49-cu Avropa çempionatında fərdi kumite yarışlarını medallarla baş vurublar. Azerisport.az xəbər verir ki, final görüşlərində hakim haqsızlığı nəticəsində Şahin Atamov Türkiyəli Erkan Enesə 0:2 hesabı ilə məğlub olub.
Niyazi Əlievin britaniyalı Tomas Cordanla döyüşü 1:1 hesabı ilə bitsə də, hakimlərin rəyi ilə rəqib çempion olub.
Bürünc medal uğrunda mübarizə aparan iki idmançımızdan Nuranə Əliyeva Eirini-Kristina Kavakapulonu 8:2 hesablı inamlı qələbə ilə məğlub edib. Öz çəkisində favoritlərdən sayılan Ayxan Mamayev (-84 kq) isə təəssüf ki, dizindəki zədə səbəbi ilə medallardan kənar qalıb. O, bosniyalı Meris Muhoviçlə 3-cü yer uğrunda görüşün son saniyələrində 2:3 hesabı ilə məğlub olub.
Komanda kumite yarışının finalına çıxmış milli komandamızı 4 may tarixində Türkiyə komandası ilə çətin görüş gözləyir.
(AMKF)