Karateçilərimiz AÇ-nin finalında
3 may 2014 00:33
Azərbaycan milli komandası Avropa çempionatının finalına çıxıb. Azerisport.az xəbər verir ki, Tural Ağalarzadə, Rafiz Həsənov, Şahin Atamov, Ayxan Mamayev, Niyazi Əliyev və Asiman Qurbanlıdan ibarət komandamız finaladək 3 rəqibini məğlub edib.
Komanda kumite yarışlarına ikinci dövrədən qatılmış karateçilərimiz əvvəlcə, latviyalı rəqibi 3:0, ardından daha güclü serbiyalı idmançını 2:1, yarımfinalda isə hollandiyalı rəqibini 2:0 hesabı ilə məğlub etdilər. İlk dəfə komanda kumite yarışlarına qatılan qadınlarımız isə makedoniyalı rəqiblərinə 1:2 hesabı ilə məğlub oldular.
Türkiyə komandası ilə final görüşü mayın 3-də keçiriləcək. Milli komandamızın üzvləri mayın 3-də komanda kumite yarışları ilə yanaşı, fərdi kumitenin medalları uğrunda da döyüşəcəklər. Niyazi Əliyev (-67) ilə Şahin Atamov (+84 kq) qızıl medal uğrunda, Ayxan Mamayev (-89 kq) ilə Nuranə Əliyeva (-50 kq)isə bürünc mükafat qazanmaq üçün tatamiyə çıxacaqlar. Komandamız vətənə 6 may tarixində dönəcək.
(AMKF)