Milli Karate Federasiyasının iclası keçirilib
16 may 2014 00:17

Mayın ilk günlərində Finlandiyanın Tampere şəhərində Avropa çempionatı, daha sonra isə Qətər Əmirliyinin paytaxtı Dohada uğurlu çıxışlardan sonra Azərbaycan Milli Karate Federasiyasının rəhbərliyi hər iki yarışın nəticələrini təhlil etmək üçün idmançılarla birgə yığıncaq keçirib. Azerisport.az xəbər verir ki, iclasda federasiya prezidenti Yaşar Bəşirov, birinci vitse-prezident İlham Qasımzadə, vitse-prezident Yusif Məmmədov, baş katib Mircabbar Seyidov, baş məşqçi Rəhman Hətəmov, hakimlər komitəsinin sədri Cahangir Babayev, eləcə də, gənclərin böyük məşqçisi Şahin Xudaverdiyev, kata üzrə böyük məşqçi Vahid Ayvazov və fiziki hazırlıq üzrə məşqçi Oqtay Məmmədov fikirlərini bildiriblər.
Federasiya rəhbərliyi milli komandamıza ilk dəfə komandalar arasında Avropa çempionu olmağı münasibətilə təbriklər söyləyib, bu tarixi uğurun federasiyanın 20 illik yubileyinə ən böyük töhfə olduğunu diqqətə çatdırıb. Onlara bir daha dopinqlə mübarizəni diqqətdə saxlamaq və zədələrdən qorunmaq kimi vacib məqamlar tövsiyə edilib.
İdmançılara həmçinin maliyyə şəffaflığını təmin etmək üçün baş sponsor Azərbaycan Beynəlxalq Bankı tərəfdən maliyyə dəstəyinin müəyyən xərcləri açıqlanıb. Qarşıda duran digər vəzifələr diqqətə çatdırılıb, cari məsələlər müzakirə olunub. Yığıncağın sonunda federasiyanın fərqlənən üzvlərinə növbəti beynəlxalq dan sertifikatları təqdim olunub. AMKF-in birinci-vitse prezidenti İlham Qasımzadəyə və hakimlər komitəsinin sədri Cahangir Babayevə 5-ci dan, dəfələrlə dünya və Avropa çempionu Rafael Ağayevə isə 4-cü dan verilib. Yığıncaq ziyafətlə davam edib.
(AMKF)