Yeniyetmə karateçilərimiz İzmiri fəth etməyə yollanacaqlar
3 iyun 2014 13:33

Karate üzrə yeniyetmə və gənclərdən ibarət seçmə komandaların üzvləri İzmirdə Komandalar arası 12-ci Regional Avropa çempionatına yollanacaqlar. Azerisport.az xəbər verir ki, böyük məşqçilər Şahin Xudaverdiyevlə Anar Allahverdiyev yarışda aşağıda adları qeyd edilmiş 8 idmançıya etimad göstəriblər:
Fəridə Əliyeva, Aytac Əliyeva və Şölə Həsənova, eləcə də Ülvi Qurbanov, Murad Balakişiyev, Murad Hacızadə, Elcan Məmmədrzayev və Vüsal Kamallı komanda çempionatının medalları uğrunda mübarizə aparacaqlar. Əsasnaməyə görə qızların komanda heyəti 1 yeniyetmə və 2 gənc yaşlı idmançıdan, oğlanlarda isə 2 yeniyetmə və 3 gəncdən ibarətdir.
Bundan başqa, İzmirdə Komandalar arası Regional Avropa çempionatı beynəlxalq dərəcəli hakimlərimiz üçün də sınaq meydanı olacaq. Belə ki, onlar dərəcələrini artırmaq üçün Avropa Karate Federasiyasının Hakimlər komitəsi qarşısında imtahan verəcəklər. Nəzəri və praktiki hissələrdən ibarət imtahanlarda beynəlxalq hakimlərimizdən Yusif Məmmədov, Rənad Əliyev, Nərgiz Mehdiyeva, Vüqar Kərimov, Şahin Xudaverdiyev iştirak edəcək. Onlar həm də İzmir Halkapinar arenada yarışları idarə edən hakimlər arasında olacaqlar.
Qeyd edək ki, kişilərdən ibarət milli komandamız 2012-ci ildə Moskvada Komandalar arası 10-cu Regional Avropa çempionatının qalibi olublar. Qızlarımız isə ilk dəfədir ki, bu nüfuzlu yarışda tatamiyə çıxacaqlar.
7-8 iyun tarixlərində baş tutacaq yarışa ayın 5-də yollanacaq idmançılarımız 4 gün sonra vətənə dönəcəklər.
(AMKF)