Dünya Kubokundan 7 medalla

Xorvatiyanın Umaq şəhərində Yeniyetmə və Gənclərin növbəti Dünya Kubokunda iştirak edən on bir idmançımız 3 qızıl, 1 gümüş və 3 bürünc medalla vətənə dönürlər. Azerisport.az xəbər verir ki, yarışın ilk günü 14-15 yaşlı yeniyetmələrin kata nümayişində qızıl medal qazanan Roman Heydərovdan sonra ertəsi gün 16-17 yaşlı gənclərdə Asiya Məlikova (-48 kq) ilə Vidadi Xaliqov (-55 kq) da çempion oldular.
Dünya Kubokunun keçən ilki qalibi Fəridə Əliyeva (+59 kq) 16-17 yaşlı gənclərdə finaladək çətinliksiz irəlilədi. Keçən ilin payızında İspaniyada dünya çempionatının yarımfinalında uduzduğu rəqibindən revanş götürsə də, F.Əliyeva həlledici döyüşün sonuna yaxın məğlubiyyətlə barışaraq gümüş medala sahib oldu.
Bürünc medallara 14-15 yaşlı yeniyetmələrdə Hümmət Baxşəliyev (-52 kq), Murad Hacızadə (+70 kq), 16-17 yaşlı gənclərdə isə Ülvi Qurbanov (-61 kq) layiq oldu. Bu nəticə ilə Azərbaycan medal qazana bilən ölkələr arasında yarışın təşkilatçısı Xorvatiyadan sonra ikinci yeri tutdu.
Ümumiyyətlə, Dünya Kubokunda 40-dək ölkənin idmançıları iştirak etdi. Bu yarış Azərbaycan karatesinin tarixinə kata yarışlarında ilk qızıl medalın qazanılması, mükafatların həmçinin sayı və əyarlarına görə ən məhsuldar Dünya Kuboku kimi də düşdü.
Beynəlxalq hakim Vüqar Kərimov yarışın referiləri arasında oldu. Yarış AMKF-in Media və İctimaiyyətlə işlər katibliyi tərəfindən canlı video yayılmla təqdim edildi.
Böyük məşqçilər Şahin Xudaverdiyev, Anar Allahverdiyev, Vahid Ayvazov və Azərbaycan Milli Karate Federasiyasının l vitse-prezidenti İlham Qasımzadənin rəhbərliyi ilə Xorvatiyaya yollanan heyət bu gün Bakıya dönəcək. (AKF mətbuat xidməti)