5-ci Baku Open Beynəlxalq turniri starta hazırlaşır

12-13 sentyabr tarixlərində paytaxtımızda V "Baku Open" Beynəlxalq karate turniri keçiriləcək. Azerisport.az xəbər verir ki, ənənəvi yarışda ilk dəfə 16 ölkənin komandası iştirak edəcək.
"Sərhədçi" İdman Olimpiya Mərkəzində turnirə Rusiya, Türkiyə, Xorvatiya, İsveçrə, İran, Tayland, Gürcüstan, Bolqarıstan, Özbəkistan, Çili, Braziliya, Qazaxıstan, Küveyt, Fransa və Suriya komandalarından başqa Azərbaycanın bölgələri və seçmə komandaları iştirak edəcək. Mübarizəyə 300-dən artıq karateçinin qatılacağı gözlənilir.
Turnirin ilk günü böyüklər, ertəsi gün isə yeniyetmə və gənclər döyüşəcəklər. Kişilər -60 kq, -67 kq, -75 kq, -84 kq və +84 kq çəki dərəcələrində, qadınlar isə -50 kq, -55 kq, -61 kq, -68 kq və +68 kq çəkilərdə tatamiyə çıxacaqlar. Onlardan başqa yeniyetmələr -52 kq, -57 kq, -63 kq, -70 kq və +70 kq, qızlar -47 kq, -54 kq və +54 kq çəkilərdə, gənclər isə -55 kq, -61 kq, -68 kq, -76 kq və +76 kq, qızlar -48 kq, -53 kq, -59 kq və +59 kq çəki dərəcələrində yarışacaqlar. Fərdi yarışlardan başqa komandaların da mübarizəsi keçiriləcək.
Rəsmi açılış mərasimi 12 sentyabr saat 17-də olacaq. Ötən ilki turnir ümumilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr edilmişdisə, bu ilki turnir Azərbaycan Milli Karate Federasiyasnın yaranmasının 20 illik yubileyinə həsr edilib.
V "Baku Open" Beynəlxalq karate turniri Azərbaycan Milli Karate Federasiyasının rəsmi internet səhifəsində canlı yayımlanacaq. Yarışı AMKF-in baş sponsoru Azərbaycan Beynəlxalq Bankı maliyyələşdirir. (AMKF)