Xorvat idman jurnalistləri Azərbaycanda karatesindən reportaj hazırladı
Dünya karate idmanının liderlərindən olan Azərbaycan, daima xarici medianın da diqqət mərkəzindədi. Azerisport.az xəbər verir ki, Azərbaycanda inkişaf etmiş bu döyüş idman növü ilə bağlı geniş reportajlar hazırlamaq üçün bu dəfə xorvatiyalı idman jurnalistləri Bakıda olublar.
Milli Karate Federasiyasının birinci vitse-prezidenti İlham Qasımzadə ilə geniş söhbət aparan Zrinka Perez, dünya karatesini işıqlandıran nüfuzlu karate-news.net informasiya portalında ölkəmizdən, Bakı 2015 ilk Avropa oyunlarına hazırlıqdan və azərbaycan karatesindən geniş reportaj hazırlayıb.
İ.Qasımzadə ölkə karatesindən əlavə, dünya karate idmanına aid də maraqlı fikirlərlə çıxış edib. O həmçinin federasiyanın 20 illik yubileyi ilə eyni dövrdə qazanılan ən böyük uğurlardan biri-komanda kumite yarışlarında avropa çempionluğumuz və baş sponsor Azərbaycan Beynəlxalq Bankı tərəfindən 2014-cü ildə daha ciddi hədəflərin istiqamət götürülməsi kimi məqamlardan danışıb.
Bu mötəbər karate informasiya portalı ilin əvvəlindən Milli Karate Federasiyası ilə sıx əməkdaşlıq edir və azərbaycan karatesinin dünyada təbliğinə böyük dəstək verir.