Federasiya rəhbərliyi DÇ öncəsi milli üzvləri ilə görüşdü
Azərbaycan Milli Karate Federasiyasının rəhbərliyi, 5-9 noyabr tarixlərində Almaniyanın Bremen şəhərində 22-ci Dünya çempionatına yollanan heyətlə yarışqabağı görüş keçirib. Azerisport.az xəbər verir ki, federasiyanın prezidenti Yaşar Bəşirov qarşıdakı yarışın məsulliyətini və favoritlərdən olan karateçilərimizə böyük ümidlər bəsləndiyini bildirib.
Baş sponsor Azərbaycan Beynəlxalq Bankının İdarə heyətinin sədri Cahangir Hacıyevin salam və tövsiyyələrini idmançılara çatdıran Y. Bəşirov, federasiyanın yarandığı 20-ci ildə artıq komanda yarışlarında Avropa çempionu olduğumuz və bu uğurun davamının gözlənildiyini qeyd edib.
Milli komandanın baş məşqçisi, əməkdar məşqçi Rəhman Hətəmov və onun köməkçisi Rəşad Hüseynov heyət üzvlərinin istər psixoloji, istərsə də texniki-taktiki cəhətdən dünya çempionatına tam hazır olduğunu diqqətə çatdırıb. Fiziki hazırlıq üzrə məşqçi, karate veteranı Oqtay Məmmədov idmançıların lazımi fiziki duruma çatdırıldığını söyləyib. Hakimlər komitəsinin sədri, beynəlxalq hakim Cahangir Babayev qarşıdakı yarışda ilk dəfə 6 beynəlxalq hakimimizin iştirak edəcəyini bildirib. Media və İctimaiyyətlə işlər katibi Sənan Məhərrəmov dünya çempionatında güclü media dəstəyin olacağını, həmçinin federasiya rəhbərliyinin Rusiyanın dünya şöhrətli "Боец" döyüş telekanalından yaradıcı qurupun dəvət etdiyini nəzərə çatdırıb. İdmançılar adından çıxış edən milli komandamızın kapitanı Şahin Atamov, əvvəlki rəsmi yarışlarda olduğu kimi bu dəfə də vətənə üzüağ qayıtmaq üçün çalışacaqlarını deyib.
Sonda federasiya rəhbərliyi idmançılara uğurlar arzulayıb. Noyabrın 3-də Almaniyaya yola düşən heyət ayın 11-də vətənə dönəcək.