4 oktyabr 2011 12:45
Azərbaycan London olimpiadasına 19-cu lisenziyasını qazandı
Xəbər verdiyimiz kimi, Azərbaycan boksçusu Heybətulla Hacəliyev 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. Azerisport.az xəbər verir ki, 64 kq çəki dərəcəsində yarışan təmsilçimiz Bakıda keçirilən dünya çempionatının 1/8 finalında özbəkistanlı Sanjorbek Rahmonova qalib gəlib – 33:22.
Bununla da Hacəliyev ən azı ilk “8-lik”dəki yerini təmin edib. Qaydalara əsasən, dünya çempionatında ilk “10-luğ”a düşənlər London olimpiadasına vəsiqəyə sahib olurlar. Bu səbəbdən, Hacəliyev sonrakı döyüşlərinin nəticəsindən asılı olmayaraq, ölkəmizdən boks üzrə ikinci olimpiya lisenziyasına yiyələnib. Daha öncə Soltan Migitinov (75 kq) WSB (Ümumdünya Boks Seriyası) Liqasındakı uğurlu çıxışı ilə əlaqədar London olimpiadasına lisenziya qazanmışdı.
Qeyd edək ki, Heybətulla Hacəliyev Azərbaycanın 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya qazanan 19-cu idmançısıdı. Əvvəllər atletikanın çəkicatma növündə Dmitri Marşin, taekvondoçularımız Fəridə Əzizova (67 kq) və Ramin Əzizov (80 kq), boksçumuz Soltan Migitinov (75 kq), güllə atıcımız İradə Aşumova, kanoeçilərimiz Valentin Demyanenko (1 nəfərlik qayıqla 200 metr) və Sergey Bezuqlıy – Maksim Prokopenko dueti (2 nəfərlik qayıqla 1000 metr), akademik avarçəkənlərimiz Aleksandr Aleksandrov və Nataliya Mustafayeva (hər 2-si 1 nəfərlik qayıqla 2000 metr), yunan-Roma güləşçilərimiz Rövşən Bayramov (55 kq) və Saman Ahman Tahmasebi (84 kq), qadın güləşçimiz Mariya Stadnik (48 kq), sərbəst güləşçilərimiz Cəbrayıl Həsənov (66 kq), Əşrəf Əliyev (74 kq), Şərif Şərifov (84 kq) və Camaləddin Maqomedov (120 kq), velosipedçimiz Yelena Çalıx və bədii gimnastımız Aliyə Qarayeva da bu hüquqa sahib olub.