9 oktyabr 2011 00:14
Azərbaycan London olimpiadasına 22-ci lisenziyasını qazandı
Azərbaycanlı yüngül atlet Layeş Abdullayeva ölkəmizə növbəti lisenziya qazandırıb. Azerisport.az xəbər verir ki, o, Gürcüstan kubokunda əla çıxış edib.
Abdullayeva stipl çeyz üzrə 3000 metr məsafəyə qaçışda uğurlu olub. Bununla da o, olimpiya normativini doldurub və London olimpiadasına lisenziyaya sahib çıxıb.
Qeyd edək ki, bu, ölkəmizin yüngül atletikada qazandığı ikinci lisenziyadı. Birincini Dmitri Marşin qazanmışdı. Hər iki idmançı “Ümid” klubunun təmsilçisidi.
Bütövlükdə isə, Abdullayeva ölkəmizə 22-ci lisenziyanı qazandırıb. Əvvəllər atletikanın çəkicatma növündə Dmitri Marşin, taekvondoçularımız Fəridə Əzizova (67 kq) və Ramin Əzizov (80 kq), boksçularımız Soltan Migitinov (75 kq), Teymur Məmmədov (91 kq), Heybətulla Hacıəliyev (64 kq), güllə atıcımız İradə Aşumova, kanoeçilərimiz Valentin Demyanenko (1 nəfərlik qayıqla 200 metr) və Sergey Bezuqlıy – Maksim Prokopenko dueti (2 nəfərlik qayıqla 1000 metr), akademik avarçəkənlərimiz Aleksandr Aleksandrov və Nataliya Mustafayeva (hər 2-si 1 nəfərlik qayıqla 2000 metr), yunan-Roma güləşçilərimiz Rövşən Bayramov (55 kq) və Saman Ahman Tahmasebi (84 kq), qadın güləşçimiz Mariya Stadnik (48 kq), sərbəst güləşçilərimiz Cəbrayıl Həsənov (66 kq), Əşrəf Əliyev (74 kq), Şərif Şərifov (84 kq) və Camaləddin Maqomedov (120 kq), velosipedçimiz Yelena Çalıx və bədii gimnastımız Aliyə Qarayeva da bu hüquqa sahib olub.