22 noyabr 2011 01:50
London olimpiadasına mini yubkada
London Olimpiadasında boksçuların turnirində zərif cinsin nümayəndələri mini yubkada çıxış edə bilərlər. Azerisport.az xəbər verir ki, bu imkan Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) İcraiyyə Komitəsinin gələn il yanvar ayında keçiriləcək iclasında müzakirə olunacaq.
Qadınlar arasında boks yarışları ilk dəfə 2012-ci ildə Londonda keçiriləcək Olimpiya Oyunlarının proqramına daxil edilib. Bu yarışlarda üç dəst mükafat uğrunda mübarizə gedəcək. Yarışların əsasnaməsində qadın idmançıların geyimi ilə əlaqədar məhdudiyyətlər nəzərdə tutulmayıb. Qadınların rinqə mini yubkalarda çıxmasına hələlik icazə verilir. Məsələn, Rumıniya və Polşa yığma komandalarının idmançıları bu geyimdə çıxış edirlər. Bu həftə Londonda keçiriləcək olimpiadaqabağı test boks turnirində mini yubkalı qadınları görəcəyimiz istisna olunmur.
Qadınların mini yubkalarda çıxış etməsinin tərəfdarı olan məmurların mövqeyi belədi ki, bu halda onları kişilərdən fərqləndirmək daha asan olacaq. Lakin boksçu qadınların özlərinin arasında mini yubkaların əleyhdarları var. Məsələn, üç dəfə dünya çempionu, irlandiyalı Keti Teylor rinqə heç vaxt mini yubkada çıxmayacağını bəyan edib: “Mən heç klublara gedəndə də mini yubka geyinmirəm, rinqdə isə bunu əsla geymərəm”.
Hər halda artıq indidən aydındır ki, mini yubkalar qadın boksuna idmanın bu növündə azarkeşlərin əksəriyyətini təşkil edən kişilərin marağına səbəb olacaq. (Azertag)