2018-ci ilin Qış Olimpiya Oyunları harada keçiriləcək?
23 iyun 2010 10:41
Fransanın Ansi, Almaniyanın Münhen və Cənubi Koreyanın Pxençxan şəhərləri 2018-ci ilin Qış Olimpiya Oyunlarının keçirilməsi üçün rəsmi namizəd statusu alıblar. Bu qərar dünən Beynəlxalq Olimpiya Komitəsi (BOK) tərəfindən açıqlanıb.
BOK-un İcraiyyə Komitəsinin Lozannada keçirilmiş iclasında 2018-ci ilin Olimpiya Oyunları üçün hər üç şəhərin namizədliyi təsdiq olunmuşdur. Qeyd olunur ki, son 30 ildə Olimpiya Oyunlarının keçirilməsi üçün sifarişlərin sayı belə az olmamışdı. Ansi, Münhen və Pxençxanın namizədlikləri təsdiq olunduğundan, onlar beynəlxalq seçki kampaniyasına start verə bilərlər.
XXIII Qış Olimpiya Oyunlarının keçiriləcəyi şəhərin dəqiq adı 2011-ci ilin iyul ayının 6-da Cənubi Afrikanın Durban şəhərində elan ediləcək. Mütəxəssislər Cənubi Koreyanın Pxençxan şəhərini favorit hesab edirlər. Bu şəhər artıq dalbadal üçüncü dəfədir ki, seçimdə iştirak edir. 2010-cu ilin Qış Olimpiya Oyunlarının paytaxtının seçimlərində Pxençxan Kanadanın Vankuver şəhərinə cəmi 3 səs fərqi ilə (53:56) məğlub olmuşdu. 2014-cü ilin Oyunlarının paytaxtının seçimində isə Rusiyanın Soçi şəhəri Pxençxandan 4 səs (51:47) üstün olmuşdu.