2010-cu ildə Azərbaycan idmanının qəhrəmanları
31 dekabr 2010 19:26

Əsası çoxdan qoyulan ənənəyə görə hər ilin sonunda “Zerkalo” oxucularının diqqətinə öz versiyasına görə ötən mövsümün 10 ən yaxşı idmançısını təqdim edir. Əvvəlcədən qeyd edək ki, Geridə qalan 2010-cu il idmanımız üçün çox uğurlu oldu. İdmançılarımız 675 mükafat qazanıblar. Bunlardan 206-sı olimpiya sahəsindədir.
Azerisport.az xəbər verir ki, bu ilin onluğu kifayət qədər çoxşaxəli alınıb. Ələlxüsus komanda idman növlərində əldə olunan uğurları qeyd etməliyik. Bundan başqa qeyri-olimpiya sahəsində uğurlar da diqqət çəkir. Siyahı ötən ilkindən fərqlənir. London Olimpiadasının qəhrəmanları ola biləcək beş idmançı xüsusi ilə diqqət çəkir. Beləliklə:
1. Həsən Əliyev, yunan-roma güləşi üzrə dünya və Avropa çempionu.
Bu sahədə seçim etmək çox çətin idi. İlin yekunlarına görə yüksək nəticə göstərmiş iki layiqli atletimiz bu ada iddialı idi. Seçimimizi Həsən Əliyevin üzərində saxladıq. Belə ki, o, dünya və Avropa çempionatlarında debütünə baxmayaraq uğur qazana bildi. Həsən, doğrudan da ilin kəşfidir. İndiyə qədər çox az atletə dünya elitasına belə cəld daxil olmaq mümkün olub. O, xüsusi ilə Moskvada keçirilmiş dünya çempionatında uğurla çıxış etdi. Azərbaycanlı pəhləvanın bu çıxışı - texniki fəndləri yerinə yetirməsi, üslubu Rusiya və İran mütəxəssisləri ilə yanaşı erməni jurnalistləri də valeh etmişdi. Həsən Əliyevin daha bir xüsusiyyəti onun təvazökarlığıdır. Gənc yaxşı bilir ki, hələ ki, bu, dünya arenasında onun ilk addımıdır. İrəlidə onu xüsusi sınaq - olimpiada gözləyir. Əgər fövqəladə bir hadisə baş verməsə, pəhləvanımız Londonda favoritlər arasında olacaq.
2. Xetaq Qazyumov, sərbəst güləş üzrə dünya və Avropa çempionu, dünya kubokunun bürünc mükafatçısı.
Qazyumov - təcrübəli güləşçilərimizdən biri, komandanın lideri, əla idmançı, istənilən vaxt arxalana biləcəyimiz bir güləşçidir. Yarışlardan kənarda o, danışmağı sevmir, ancaq xalça üzərində ram olunmazdır. Moskvada da özünü göstərməyi qərara aldı. Qazyumov dəfələrlə dünya birincisi olmağa çalışsa da hər dəfə bu yöndə ona nə isə çatmırdı. Bu dəfə isə hər şey baş tutdu. Xüsusi ilə Hacımurad Qatsalova qarşı final görüşü. Təbii ki, qələbədən sonra Qazyumov hisslərini büruzə verən özünəməxsus bir ibarə də tapdı: “Mən yeni dəriyə düşdüm”. İndi Xetaqın yeni “dəri dəyişməsini” iki il gözləmək lazımdır.
3. “Qarabağ” futbol klubu, Avropa Liqasında üç mərhələ adlayıb.
“Qarabağ” futbol klubu haqqında çox yazılıb. Azarkeşləri hələ də bu oyunların xoş hissləri tərk etməyib. “Qarabağ” ikinci mövsüm ardıcıl olaraq sübut etdi ki, milli çempionatdakı oyun göstəricisi yox, avrokuboklarda iştirakın nəticəsi əsasdır. Üçüncü yerin sahibi kimi Avropa Liqasına qatılan klub ötən ilki rekordunu - iki mərhələ adladığı nəticəni yeniləmək əzmi ilə turnirə başladı. “Qarabağ” buna nail oldu. Klub “Wisla” kimi güclü rəqibi keçə bildi. Gələn il klublarımıza bu göstəricini təkrarlamağın mümkünlüyünü demək çətindir.
4. Basketbol üzrə Azərbaycan yığması, Avropa çempionatının “B” divizionunda üç qələbə qazanıb.
“Qarabağ”ın ardınca basketbolçularımız təəccübləndirdi. Milliləşdirilmiş amerikalı Çarlz Devislə güclənən yığma iki həftəlik hazırlığa rəğmən çempionatda əsl gurultu qopardı. Albaniya üzərində səfər qələbəsi gözlənilməzlik sayılsa da, evdə Belorus üzərində qələbə bütün Avropanı təəccübləndirdi. Ardınca səfərdə Rumıniya məğlub edildi. Ardıcıl üç qələbə Azərbaycan yığmasını liderliyə yüksəltdi. Favoritlər aşağıdan yuxarıya baxaraq yığmaya nə olduğunu düşünürdülər. İsveçlə oyunda təcrübəsizliyə baxmayaraq, ilk dövrədə üç qələbə çox şey deməkdir.
5. Rafael Ağayev, karate üzrə dünya çempionu və komanda çempionatının gümüş mükafatçısı.
Demək olar ki, istənilən yerdə və hamıya qələbə çalan yeganə Azərbaycan idmançısı. Hər il kütləni əla alan azərbaycanlı karateçi qələbə qazanır. Rəqibləri heç cür ona qarşı fənd tapa bilmirlər. Rafael bu il dünya çempionatlarında qələbələrinin sayını dördə çatdırıb. Beşinci zəfər isə bir azca çatmadı. Komanda kumitesində komandamız ilk dəfə olaraq finala çıxdı. Ancaq qızıla yiyələnə bilmədi.
6. Aliyə Qarayeva, bədii gimnastika üzrə dünya və Avropa çempionatının üçqat bürünc mükafatçısı.
Aliyə uzun illər yığmanın lideri olub. Ancaq yalnız bu il medallar və çoxnövçülük uğrunda mübarizə edə biləcəyini hamıya göstərdi. Dünya və Avropa çempionatlarında gimnastımız dörd dəfə bürünc mükafata yiyələnib. Rusiya, Ukrayna, Belarus idmançıları ilə mübarizəni nəzərə alsaq, medalların dəyəri çox böyükdür. Məhz bu uğurlardan sonra milli federasiya rəhbərləri Aliyənin olimpiya medallarına yiyələnə biləcəyini bildirdilər. Gözləyək...
7. Futzal üzrə Azərbaycan yığması və “Araz” futzal klubu.
Bu il əsl futzal bayramı idi. Əvvəlcə Avropa çempionatında çıxış etmiş yığmamız sevindirdi. Belə mötəbər turnirdə komandamız yarımfinala vəsiqə qazandı. Ancaq bircə addım yığmamızı medallardan ayırdı. Üçüncülük uğrunda qrup mərhələsində məğlub etdiyimiz rəqibə məğlubiyyətə baxmayaraq komandamız təsirli uğur qazandı. Ardınca “Araz” - ölkə çempionu sözünü dedi. “Dördlər Finalı”na düşən klub skeptiklərə göstərdi ki, Avropanın dörd ən yaxşı futzal kollektivindən biri olması əbəs deyil. Üçüncü yerə sahib olmaqla “Araz” Azərbaycanın futzal tarixinə böyük uğur yazdı.
8. “Rabitə” voleybol klubu, AVK kubokunda üçüncü yerin sahibi.
Son mövsüm müşahidə olunana voleybol gurhaguru Azərbaycan klublarının avrokuboklarda çıxışda əks olmaya bilməzdi. Ölkəmizin ən yaxşı klublarından biri - “Rabitə” voleybol klubu, AVK kubokunda üçüncü yerin sahibidir. Nəzərə alsaq ki, növbəti mövsümdə bir neçə komanda turnirdə uğurla çıxış edəcək, onda bu nəticənin yenilənəcəyi şəksizdir.
9. Təvəkkül Bayramov, taekvondo üzrə Avropa çempionu.
Azərbaycan taekvondosunun veteranlarından biri. Niyaməddin Paşayev, Rəşad əhmədov kimi liderlərin kölgəsində qalmasına, bir dəfə də olsun olimpiadaya düşməməyinə baxmayaraq bu il Təvəkkül Bayramov Avropa çempionatının qızıl medalına yiyələndi.
10. Sergey Bezuqlıy və Maksim Prokopenko, kanoe üzrə Avropa çempionları.
Sabitlik - bu avarçəkən cütlüyün əsas xüsusiyyətidir. Ötən il, bu il, kanoeçilərimiz mükafatçılar sırasına düşüblər. Bəzən çempion kimi, bəzən mükafatçı kimi. Bu abitlik onların olimpiadada uğuruna əsas verir.
İlin ən yaxşı məşqçisinə gəlincə, bizcə bu, Fərid Mansurovdur. Yunan-roma güləşi üzrə yığmamızın məşqçisi. İdmançı karyerasını Avropa çempionatında zədə üzündən bitirməsinə baxmayaraq məşqçiliyi uğurla davam etdirir. Afina Olimpiadasının qəhrəmanı yığmaya rəhbərliyi dünya çempionatına iki ay qalmış (!) qəbul etməsinə baxmayaraq yetirmələrini vacib turnirə hazırlaya bildi.
“Zerkalo”nun versiyası üzrə ötən ilin idman qəhrəmanları ilə tanış olun:
1997 - Rəhman Hətəmov, karate üzrə vahid dünya çempionu;
1998 - Mehman Əzizov, Cüdo üzrə Avropa çempionatının gümüş mükafatçısı;
1999 - Əli İsmayılov, boks üzrə dünya çempionatının bürünc mükafatçısı;
2000 - Namiq Abdullayev, sərbəst güləş üzrə olimpiya çempionu;
2001 - Nizami Paşayev, Ağır atletika üzrə Avropa çempionu və dünya ikincisi;
2002 - Nizami Paşayev, Ağır atletika üzrə dünya çempionu və Avropa çempionatının bürünc mükafatçısı;
2003 - Arif Abdullayev, sərbəst güləş üzrə dünya çempionu;
2004 - Fərid Mansurov - yunan-roma güləşi üzrə olimpiya çempionu;
2005 - Nizami Paşayev, Ağır atletika üzrə dünya çempionu;
2006 - Rövşən Bayramov, yunan-roma güləşi üzrə dünya çempionatının gümüş, Avropa çempionatının bürünc mükafatçısı;
2007 - Fərid Mansurov - yunan-roma güləşi üzrə dünya çempionu;
2008 - Elnur Məmmədli, cüdo üzrə olimpiya çempionu;
2009 - Fərid Mansurov - yunan-roma güləşi üzrə dünya çempionu.