Azərbaycan olimpiada təşkilindən imtina etdi
14 dekabr 2011 14:11
Azərbaycan 2018-ci ildə keçiriləcək Yeniyetmələrin Yay Olimpiya Oyunlarına Bakının Rusiyanın Dağıstan Respublikasının Kaspiysk şəhəri ilə birgə namizədliyini irəli sürməkdən imtina edib. Azerisport.az xəbər verir ki, bu barədə Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə “Moskovskie Novosti” qəzetinə açıqlama verib.
MOK rəsmisi, ümumiyyətlə, yeniyetmələr olimpiadasına namizədliklərini vermək fikrindən daşındıqlarını söyləyib. Ç.Hüseynzadə bu qərarı bütün diqqətlərini 2020-ci ildə böyüklər arasında təşkil olunacaq Yay Olimpiya Oyunlarına yönəltmək istəyi ilə izah edib: “Biz belə ambisiyalı layihədə Rusiya ilə birgə iştirak etməyi çox istəyirdik. Lakin təəssüf ki, hazırda bu, mümkün deyil. Ölkəmiz Bakının 2020-ci il olimpiadası ilə bağlı kampaniyaya köklənməyi qərara alıb. Bu, çoxlu vəsait, güc və diqqət tələb edir. Belə vəziyyətdə birdən-birə iki istiqamətə səpələnmək yəqin ki, məqsədəuyğun deyil”.
Azərbaycan tərəfinin imtinasından sonra Rusiya Milli Olimpiya Komitəsi yeniyetmələr olimpiadasına Kaspiyskin namizədliyini ayrıca irəli sürməyə qərar verib. Beynəlxalq Olimpiya Komitəsinə ərizələrin verilmə müddəti 2012-ci il martın 1-də başa çatır. Qalib şəhərin adı isə 2013-cü ildə açıqlanacaq.