Bakının Olimpiada-2020-ni keçirmək istədiyi tarixlər açıqlandı
17 fevral 2012 17:26

Bakı şəhərinin 2020-ci il Yay Olimpiya və Paralimpiya Oyunlarını keçirmək istədiyi tarix müəyyənləşib. Azerisport.az xəbər verir ki, bu haqda “Bakı-2020” Təşkilat Komitəsindən məlumat verilib.
Beynəlxalq Olimpiya Komitəsinə təqdim olunan Sifariş Kitabında Yay Olimpiya Oyunlarının açılış mərasiminin 2020-ci il iyulun 17-də keçiriləcəyi göstərilib. Olimpiadanın bağlanış mərasiminin avqustun 2-də təşkili nəzərdə tutulub. Avqustun 13-də isə Yay Paralimpiya Oyunları start götürməlidi. Bu tədbir avqustun 24-dək davam edəcək.
Qeyd edək ki, 2020-ci il Yay Olimpiya Oyunlarına Bakıdan əlavə, Doha (Qətər), İstanbul (Türkiyə), Madrid (İspaniya) və Tokio (Yaponiya) şəhərləri də iddialıdı. 2012-ci il mayın 23-də Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsi Kanadanın Kvebek şəhərindəki iclasında bu şəhərlər arasından “short list” (“qısa siyahı”) seçəcək. Qalib şəhərin adı isə 2013-cü il sentyabrın 7-də İOC-un Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək sessiyasında açıqlanacaq.