İranda Olimpiadanın rəsmi saytına qadağa
10 aprel 2012 12:08

İranda internet istifadəçiləri 2012-ci il Olimpiadasının rəsmi saytına daxil ola bilmirlər. Azerisport.az xəbər verir ki, bunu internet istifadəçiləri mikrobloqlarında yazırlar.
London Olimpiya oyunlarının saytının əvəzinə İranın rəsmi xəbər agentliklərinin məlumatlarını yayan peyvandha.ir saytı açılır. İranın xarici işlər naziri BBC-yə açıqlamasında saytın bağlanmasının səbəblərini şərh edə bilməyib. Məlumata görə, İranda internet saytlarına girişin məhdudlaşdırılması ilə bir neçə təşkilat məşğul olur. Bu baxımdan, Olimpiadanın saytının bağlanmasının səbəblərini aydınlaşdırmaq mümkün olmayıb.
Bu il martın əvvəllərində İran London Olimpiadasının boykotunun mümkünlüyünü bəyan edib. Bu, 2012-ci il Olimpiadasının loqotipi ilə bağlıdır. Tehran hesab edir ki, loqotipdə “Zion” sözü altında əslində Qüdsün adı - Sion yazılıb. İranın Milli Olimpiya Komitəsinin rəhbəri Bəhram Əfşarzadə loqotipi “irqçi” adlandırıb. Lakin Beynəlxalq Olimpiya Komitəsi İran tərəfinin ittihamlarını rədd edib və bildirib ki, loqotip yalnız 2012-ci ilə əks etdirir.