Olimpiadanın təşkilat komitəsi Azərbaycandan üzr istədi
27 iyul 2012 20:04

Rusiyanı təmsil edən idmançının doğulduğu şəhər kimi Bakının Rusiya şəhəri göstərməsi XXX London Yay Olimpiya Oyunlarının Təşkilat Komitəsinin kompüter bazasında olan səhvə görə baş verib. Azerisport.az xəbər verir ki, Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə bildirib.
"London Olimpiya Oyunlarının Təşkilat Komitəsi SSRİ vaxtı doğulan bütün idmançıların doğulduğu şəhərləri kompüterdə SSRİ olmadığından Rusiyanın ərazisi kimi göstərib. İndi bir-bir həmin səhvləri tapıb dəyişirlər", - Hüseynzadə deyib.
O qeyd edib ki, Təşkilat Komitəsinin nəzərinə bütün yanlışlıqlar barədə məlumat çatdırılıb. "Olimpiadanın Təşkilat Komitəsi səhvə görə rəsmi qaydada üzr istəyib", - o deyib.
Milli Olimpiya Komitəsinin vitse-prezidenti qeyd edib ki, Londonda olan bütün idmançıların əhval-ruhiyyəsi çox yüksək səviyyədədir və onlar yarışlara hazırdırlar.
Azərbaycan idmançıları iyulun 28-də ilk dəfə Olimpiadada mübarizəyə başlayacaqlar.
XXX London yay Olimpiya Oyunlarının rəsmi açılış mərasimi bu gün Bakı vaxtı ilə gecəyarı başlayacaq. (Trend)