Azərbaycan üzgüçüsünün London olimpiadasında ilk rəqibləri müəyyənləşdi
27 iyul 2012 20:17

Azərbaycan Olimpiya millisinin üzgüçüsü Oksana Hətəmxanovanın rəqibləri məlum olub. Azerisport.az xəbər verir ki, London Yay Olimpiya Oyunlarında brass üsulu ilə 100 metr məsafəyə üzəcək təmsilçimiz təsnifat mərhələsinin birinci qrupunda mübarizə aparacaq.
O.Hətəmxanova Oyunqerel Qantumur (Monqolustan), Pilar Şimizu (Quam adaları), İvana Ninkoviç (Bosniya və Herseqovina), Matelita Buadromo (Fici) və Dede Kamara (Qvineya) ilə mübarizə aparacaq. Həmyerlimiz 6-cı xəttdə üzəcəkdir. Olimpiya təsnifat mərhələsindəki göstəricisi 1:22,66 saniyə olan O.Hətəmxanova bununla rəqiblərindən yalnız Monqolustan və Qveniya təmsilçilərini qabaqlayır.
Qeyd edək ki, təsnifat mərhələsində 46 üzgüçü 6 qrupda yarışacaq. Yarımfinala 16 idmançı yüksələcək.