Xristov Azərbaycana London Olimpiadasında ilk medalı qazandırdı (YENİLƏNİB)
30 iyul 2012 00:55

Bu gün Azərbaycan London olimpiadasında daha bir idman növündə ilk sınağını verib. Azerisport.az xəbər verir ki, ağırlıqqaldırma üzrə yığmamızın üzvü Valentin Xristov öz bacarığını nümayiş etdirib.
A qrupunda çıxış edən Xristov artıq çəki sifarişini edib. O, birdənqaldırmada 120 kq, təkanlaqaldırmada isə 150 kq qaldırmaq istədiyini bildirib. Valentin körpücük üzərində altıncı çıxıb. Onunla eyni qrupda daha 10 atlet mübarizə aparırdı.
Xristovun ilk cəhdi uğurlu olub. O, 120 kq çəkini 123-ə dəyişib və birdənqaldırmada bunu asanlıqla həyata keçirib. Rəqiblərinin çıxışına uyğun olaraq o, ikinci cəhdindən 127 kq sifariş verib və bunun da öhdəsindən məharətlə gəlib. Nəhayət, üçüncü cəhdində Valentin 130 kq sifariş versə də, buna nail ola bilməyib və 127 kq-la kifayətlənməli olub. Yekunda idmançımız birdənqaldırmada 3-cü yeri tutub. 133 kq qaldıran Çin idmançısı Jinqbao və 132 kq-ın öhdəsindən gələn tunisli El-Maoui 1-ci və 2-ci yerləri tutublar.
Təkanlaqaldırma da idmançımız öncə 150 kq sifariş etsə də, son anda rəqiblərinin çıxışına uyğun olaraq bunu 153 kq-a dəyişib. 154 kq! Xristov 1 kq da əlavə etdiyi son sifarişini uğurla başı üzərinə qaldırıb. İkinci cəhddə o, 158 kq sifariş etsə də, bunun öhdəsindən gələ bilməyib. Amma üçüncü cəhddə o, 159 kq sifariş edib və bu dəfə ağırlığı qaldıra bilib!
Beləcə, ümumi nəticədə iki cəhddə 286 kq qaldıran Xrisov üçüncü pillədə qərarlaşıb və Azərbaycana London Olimpiadasında ilk medalını qazandırıb.
Birinci yeri 293 kq nəticə göstərən koreyalı Om Yun Çol göstərib. Gümüş medal isə yaponiyalı Jinqbaoya qismət olub - 289 kq.
Qeyd edək ki, milliləşən bolqar atlet 56 kq-da yarışan idmançılar arasında əsas favoritlərdən hesab olunurdu. Elə Azərbaycan millisinin də medal qazanmağa əsas namizədlərindən biri idi. Qazandığı bürünc medal Xristova bəslənilən ümidlərin boşuna olmadığını isbatladı.