Daha 2 cüdoçu Olimpiada ilə erkən vidalaşdı (YENİLƏNİB)
30 iyul 2012 16:28

Bu gün London Olimpiadasında Azərbaycanın cüdo yığmasının daha iki üzvü öz qüvvəsini sınayıbr. Azerisport.az xəbər verir ki, olimpiada medalı uğrunda Rüstəm Orucov (73 kq) və Kifayət Qasımova (57 kq) mübarizə aparıb.
Qeyd edək ki, 73 kq çəki dərəcəsində yarışan Rüstəm Orucov mübarizəyə 1/16 finaldan başlayıb. Onun ilk rəqibi CAR-dan olan Gieon Van Zil idi. Görüşün gedişində məğlub durumda olmasına baxmayaraq, idmançımız rəqibinə qarşı ippon fəndini həyata keçirərək, vaxtından öncə qələbə qazanmağı bacarıb.
1/8 finaldakı rəqib isə rusiyalı Mansur İsayev idi. O, ilk döyüşündə ispaniyalı Kiyoşi Uematsuya qalib gəlmişdi. Təəssüf ki, Orucov da bu rəqibinə məğlub olub və turnirlə vidalaşıb.
Qadınlardan ibarət yığmamızın üzvü, 57 kq-da yarışan Kifayət Qasımova isə çıxışına 1/8 finaldan başlayıb. Onun ilk rəqibi Kaori Matsumoto (Yaponiya) olub. Hansı ki, o, ilk cəhdində Vesna Djukiçə (Sloveniya) qalib gəlmişdi. Çox təəssüf ki, güclü rəqiblə görüşdə Kifayət məğlub olub və Olimpiada ilə erkən vidalaşmaq məcburiyyətində qalıb.
Qeyd edək ki, onlardan öncə Olimpiadada artıq iki cüdoçumuz öz çıxışını başa vurmuşdu. 60 kq-da İlqar Muşkiyev elə ilk döyüşündəcə uduzaraq, olimpiada ilə erkən vidalaşmışdı. Tərlan Kərimov (66 kq) isə turniri 7-ci pillədə başa vurmuşdu.