Kostova Olimpiadanı 5-ci pillədə başa vurdu (YENİLƏNİB)
30 iyul 2012 21:20

Bu gün Azərbaycanın ağırlıqqaldırma üzrə yığmasının daha bir üzvü London olimpiadasında qüvvəsini sınayıb. Azerisport.az xəbər verir ki, bu, millimizin yeganə qadın ağırlıqqaldıranı Boyanka Kostova idi.
Qeyd edək ki, o, 58 kq-da mübarizə aparırdı. Təmsilçimiz yarışlara B qrupundan qoşulub. Kostova birdənqaldırma yarışlarındakı ilk cəhdində 100 kq sifariş verib. O, bu çəkini asanlıqla qaldırıb. İkinci cəhdində idmançımız 103 kq sifariş verib və bunun da öhdəsindən məharətlə gəlib. Üçüncü cəhddə isə 105 kq sifariş verən təmsilçimiz bunu da qaldırıb. Kostova birdənqaldırma yarışlarını üçüncü yerdə başa vurub. O, 108 kq qalıdran Çin və 106 kq qaldıran Ukrayna idmançısından geri qalıb.
Kostovanın təkanlaqaldırma yarışları üçün ilk cəhdi 124 kq-da olub. O, bu ağırlığı ilk cəhddə qaldıra bilməyib. Amma ikinci yanaşmada 124 kq-ın öhdəsindən gəlib. Son cəhdində isə idmançımız 128 kq-ı qaldırmağı bacarıb.
Beləliklə, yekun nəticədə Kostova iki hərəkətin cəminə görə 233 kq qaldırıb. Amma təəssüf ki, sonradan rəqibləri daha yaxşı çıxış edərək, onu medalçılar sırasından sıxışdırıb çıxarıblar. Yekunda Azərbaycan idmançısı beşinci yerlə kifayətlənib. Çin (246), Tailand (236 kq), Ukrayna (235 kq) və Tailandın digər təmsilçisi (234) idmançıları Kostovadan daha güclü çıxıblar.
Maraq üçün bildirək ki, ağırlıqqaldırma yığmamızın üzvlərindən artıq biri London Olimpiadasında qüvvəsini sınayıb. Valentin Xristov (56 kq) bürünc medal qazanaraq, yığmamızın ilk uğuruna imza atıb.