London Olimpiadasında Elnur Məmmədli şoku (YENİLƏNİB)
31 iyul 2012 15:09

Bu gün London Yay Olimpiadasında Azərbaycanın cüdo yığmasının daha iki üzvü öz qüvvəsini sınayıb. Azerisport.az xəbər verir ki, olimpiada medalı uğrunda Elnur Məmmədli (81 kq) və Ramilə Yusubova (63 kq) mübarizə aparıb.
Pekində Olimpiya çempionu olmuş Elnur Məmmədli indi bu uğurunu növbəti dəfə təkrarlamağı hədəfləmişdi. Həmyerlimiz mübarizəyə 1/32 finaldan başlayıb. Onun qızıl medal qazanmaq yolundakı ilk rəqibi isə Kanada cüdoçusu Antuan Valua-Forte olub. Məmmədli bu rəqibi ilə görüşdə ciddi müqavimətlə üzləşib. Belə ki, həm əsas, həm də əlavə vaxtda cüdoçular hesabı aça bilməyiblər. Belədə qalibi hakimlər müəyyənləşdiriblər. Lakin çox təəssüf ki, referilər qələbəni Kanada idmançısına veriblər.
Ramilə Yusubova isə mübarizəyə 1/16 finaldan başlayıb. Onun ilk rəqibi Türkmənistan idmançısı Gülnar Haytbayeva olub. Ramilə bu cüdoçunu məğlub etməyi bacarıb.
Təmsilçimiz 1/8 finalda Cənubi Koreya cüdoçusu Da-Vunq Yonqla qarşılaşıb. Təəssüf ki, bu görüşdə məğlub olan Ramilə də mübarizəni dayandırmaq məcburiyyətində qalıb.
Qeyd edək ki, bu idmançılarımızdan öncə Olimpiadada artıq dörd cüdoçumuz öz çıxışını başa vurub. 60 kq-da İlqar Muşkiyev və Kifayət Qasımova (57 kq) elə ilk döyüşündəcə uduzaraq, olimpiada ilə erkən vidalaşmışdı. Rüstəm Orucov (73 kq) 1/8 finalda uduzub. Tərlan Kərimov (66 kq) isə turniri 7-ci pillədə başa vurmuşdu.