Azərbaycan təmsilçiləri Olimpiadanın yarımfinalında! (YENİLƏNİB)
31 iyul 2012 16:18

Bu gün 2012-ci il London Yay Olimpiya Oyunları çərçivəsində keçirilən akademik avarçəkmə yarışlarında 1/4 final mərhələsinə start verilib. Azerisport.az xəbər verir ki, Azərbaycan təmsilçiləri Aleksandr Aleksandrov və Nataliya Mustafayeva da yarımfinala çıxmaq üçün qüvvələrini sınayıblar.
Aleksandrov start xəttinə Bakı vaxtı ilə saat 15:10-da çıxıb. Kişilər arasında 1 nəfərlik qayıqla (M1X) çıxış edəcək avarçəkənimiz ikinci yürüş zolağında yer alıb. İlk zolaqda seçmə yürüşdə Aleksandrovun qabaqladığı braziliyalı Anderson Noçetti mübarizə aparacaq. Almaniyalı Marsel Hakker 3-cü, böyük britaniyalı Alan Kempbell 4-cü, meksikalı Patrik Loliger Salas 5-ci, cənubi koreyalı Donqyonq Kim 6-cı zolaqda yarışıb.
Aleksandrov yürüşü üçüncü yerdə başa vurub və yarımfianala çıxıb. O, 2000 metr məsafəni 6 dəqiqə 56 saniyəyə başa vurub (6:56.36). Təmsilçimiz yalnız Böyük Britaniya və Almaniya avarçəkənlərindən zəif olub.
Aleksandrovdan bir saat sonra isə Mustafayeva start xəttinə çıxıb. 3-cü zolaqda çıxış edən Mustafayevanın rəqibləri özündən solda cənubi koreyalı Yeji Kim və yaponiyalı Haruna Sakakibara, sağda isə Yekaterina Karsten, danimarkalı Fie Udbi Eriksen və braziliyalı Kissya da Kosta olub.
Bu avarçəkənimiz də Aleksandrov kimi yürüşü üçüncü sırada başa vurub və yarımfinala yüksəlməyi bacarıb. İdmançımızın göstəricisi isə belə olub - 8:00.26. O, Danimarka və Belarus avarçəkənlərindən geri qalıb.
Qeyd edək ki, həm Aleksandr Aleksandrov, həm də Nataliya Mustafayeva yarımfinala yüksəlmək üçün 1/4 final yürüşündə öz yarımqruplarında ilk “3-lüy”ə düşməyi bacarmalıydı ki, bunun da öhdəsindən məharətlə gəliblər.
Yarımfinal görüşləri avqustun 1-də keçiriləcək.