Azərbaycanın üç boksçusu Olimpiadanın 1/4 finalında (YENİLƏNİB)
2 avqust 2012 01:56

Bu gün London Yay Olimpiadasında boks üzrə 1/8 final mərhələsinin görüşləri keçirilib. Azerisport.az xəbər verir ki, yığmamızın da üç üzvü məhz bu gün rinqə çıxıb.
+91 kq-da mübarizə aparan Məhəmmədrəsul Məcidov Olimpiadaya məhz bu mərhələdən başlayıb. O, startda Konqodan olan Meji Mvanbanı mübarizədən kənarlaşdırmalıdı. Döyüşün ilk raundunu bizim boksçu qazanır - 8:1. İkinci raundda da Məcidovun aşkar üstünlüyü qeydə alınıb. Belə ki, boksçumuzun güclü zərbələri qarşısında rəqibin hətta baş geyimi rinqdən kənara düşüb. Bunu görən hakimlər dərhal döyüşü yarıda dayandırıblar və qələbəni idmançımıza veriblər. Məcidovun növbəti mərhələdəki rəqibi isə rusiyalı Məhəmməd Ömərov olacaq.
56 kq-da mübarizə aparan Məhəmməd Əbdülhəmidov da ilk döyüşünə çıxıb. O, 1/4 finala çıxmaq üçün Satoşi Şimizunu (Yaponiya) mübarizədən kənarlaşdırmalıydı. Boksçumuzun rəqibi Olimpiadada artıq bir görüş keçirmişdi. O, qanalı idmançı Doqboeni məğlub edərək Əbdülhəmidova rəqib olmuşdu. Amma bu rəqibi ilə görüşün ilk raundunda boksçumuz üstün olub - 4:2. Elə ikinci raundda da Əbdülhəmidov qalib gəlib - 8:3. Son raundda isə hər şey tərsinə cərəyan edib. Belə ki, boksçumuz ilk raundlardan fərqli çox zəif döyüş nümayiş etdirməsi azmış kimi, tez-tez yerə yıxılmağa başlayıb. Ayaq üstə dura bilməyən Məhəmməd bununla rəqibinə də çoxlu zərbə vurmaq imkanı yaradıb. Amma xoşbəxtlikdən yapon idmançı fərqi azalda bilməyib. Onun üçüncü raunddakı 12:10 hesablı qələbəsi Əbdülhəmidovun 22:17 hesablı zəfərinə mane olmayıb və beləcə boksçumuz 1/4 finala çıxıb.
Və nəhayət 91 kq-dək boksçuların mübarizəsində Teymur Məmmədov Avstraliya təmsilçisi Tapu Opetayanı məğlub etməliydi. Bu görüşün ilk raundu heç-heçə bitib - 5:5. İkinci raundda da bərabərlik qeydə alınıb - 4:4. Nəhayət, son raundda çətinliklə də olsa, boksçumuz qalib gəlməyi bacarıb - 3:2. Beləliklə, ümumi nəticədə 12:11 hesabıyla üstün olan idmançımız mərhələ adlamağın sevincini yaşayıb.
Qeyd edək ki, boks yığmamızın üzvlərindən Soltan Migitinov (75 kq) turnirə uğurla start verib və 1/8 finala yüksəlib. Lakin Elvin Məmişzadə (52 kq), Heybətulla Hacıəliyev (64 kq) və Vətən Hüseynli (81 kq) elə ilk döyüşündəcə uduzub.