Elxan Məmmədov da 1/8 finalda dayandı (YENİLƏNİB)
1 avqust 2012 15:15

Bu gün London Yay Olimpiadasında Azərbaycanın cüdo yığmasının daha bir üzvü öz qüvvəsini sınayıb. Azerisport.az xəbər verir ki, olimpiada medalı uğrunda Elxan Məmmədov (90 kq) mübarizə aparıb.
O, mübarizəyə 1/16 final mərhələsindən başlayıb. İlk rəqib isə almaniyalı Kristof Lambert idi. Cüdoçumuz bu görüşdən qalib ayrılmağı bacarıb və 1/8 finala çıxıb.
Növbəti rəqib isə Dae-Nam Sonq idi (Cənubi Koreya). Təəssüf ki, bu görüşdə koreyalı daha güclü çıxıb və Elxanı mübarizədən kənarlaşdırıb.
Qeyd edək ki, Məmmədovdan öncə Olimpiadada artıq altı cüdoçumuz öz çıxışını başa vurmuşdu. 60 kq-da İlqar Muşkiyev, 81 kq-da Elnur Məmmədli və Kifayət Qasımova (57 kq) elə ilk döyüşündəcə uduzaraq, olimpiada ilə erkən vidalaşmışdı. Rüstəm Orucov (73 kq) və Ramilə Yusubova (63 kq) 1/8 finalda uduzmuşdu. Tərlan Kərimov (66 kq) isə turniri 7-ci pillədə başa vurmuşdu.