Migitinov da 1/4 finala çıxa bilmədi (YENİLƏNİB)
2 avqust 2012 19:42

Bu gün London Yay Olimpiadasında boks üzrə 1/8 final mərhələsinin növbəti görüşləri keçirilib. Azerisport.az xəbər verir ki, yığmamızın da bir üzvü məhz bu gün rinqə çıxıb.
75 kq-da mübarizə aparan Soltan Migitinov Olimpiadada növbəti döyüşünə çıxıb. Qeyd edək ki, o, artıq London rinqində bir görüş keçirib. 1/16 finalda boksçumuz misirli Məhəmməd Hikala qalib gəlmişdi.
Bu dəfə isə eyni aqibəti braziliyalı Eskiva Florentino Falkaoya yaşatmaq lazım idi. Görüşün ilk raundunda rəqib üstün olur - 3:8. İkinci raundda da braziliyalı qalib gəlir - 5:7. Son raundda yenə braziliyalı güclü çıxıb - 3:9. Beləcə, Migitinov 11:24 hesabı ilə məğlub olub və Olimpiada ilə vidalaşıb.
Qeyd edək ki, boks yığmamızın üzvlərindən +91 kq-da mübarizə aparan Məhəmmədrəsul Məcidov və 91 kq-dək boksçuların mübarizəsində Teymur Məmmədov artıq 1/4 finala vəsiqə qazanıb. Lakin Elvin Məmişzadə (52 kq), Heybətulla Hacıəliyev (64 kq) və Vətən Hüseynli (81 kq) elə ilk döyüşündəcə uduzub. 56 kq-da yarışan Məhəmməd Əbdülhəmidov isə 1/8 finalda qələbə qazansa da, bu qələbəsi əlindən alınıb və yarışlardan kənarlaşdırılıb.