Boksçumuzun Olimpiadada qazandığı qələbəsi əlindən alındı
2 avqust 2012 12:22

Azərbaycan boksçusu Məhəmməd Əbdülhəmidovun 2012-ci il London Yay Olimpiya Oyunlarının 1/8 finalında yaponiyalı Satoşi Şimizu ilə döyüşünün nəticəsi ləğv olunub. Azerisport.az xəbər verir ki, Əbdülhəmidovun qazandığı 22:17 hesablı qələbə onun əlindən alınıb.
Əvəzində Şimizuya texniki nokautla qələbə verilib. Qeyd edək ki, ilk iki raunddan Məhəmməd Əbdülhəmidov müvafiq olaraq 4:2 və 8:3 hesablı qələbələrlə ayrılıb. Lakin üçüncü raundda o, yorğun olduğu üçün rinqdə xeyli sönük təsir bağışlayıb. Bununla əlaqədar Əbdülhəmidova dəfələrlə xəbərdarlıq olunub. Sonuncu raundda Simizuya 12:10 hesablı qələbə verilsə də, ümumi nəticə dəyişməyib. Yaponiyalı boksçu hakimlərin qərarından narazı halda rinqi tərk edib.
Ancaq sonradan Yaponiya yığması AİBA-ya müraciət edərək, bu görüşün nəticəsini dəyişməyi tələb edib. Məhz bu üzdən fikrini dəyişən beynəlxalq qurum hakimlərin qərarını ləğv edib.