Cüdo millimiz Londondan fiasko ilə ayrılır (YENİLƏNİB)
2 avqust 2012 18:55

Bu gün London Yay Olimpiadasında Azərbaycanın cüdo yığmasının daha bir üzvü öz qüvvəsini sınayıb. Azerisport.az xəbər verir ki, 100 kq çəki dərəcəsində yarışan Elmar Qasımov olimpiada medalı uğrunda mübarizə aparıb.
O, mübarizəyə 1/16 final mərhələsindən başlayıb. İlk rəqib isə qazaxıstanlı Maksim Rakov idi. Qasımov bu rəibini məğlub etməyi bacarıb və 1/8 finala çıxıb.
1/8 finalda Elmarın rəqibi gürcü cüdoçu - Levan Jorjoliani idi. Amma idmançımız bu mərhələdə də qələbə qazanmağı bacarıb.
Qasımovun 1/4 finaldakı rəqibi isə koreyalı idmançı Hi-Ti Hvanq olub. Çox təəssüf ki, Elmar bu görüşdə məğlub olaraq, yarımfinaldan kənarda qalıb.
Lakin cüdoçumuzun hələ təsəlliverici yarışlarda qüvvəsini sınamaq şansı qalırdı. O, bu görüşlərdə qalib gələ bilsəydi, bürünc medal qazana bilərdi. Bu yolda ilk rəqib özbəkistnalı Ramziddin Sayidov idi. Çox təəssüf ki, Elmar bu görüşü ipponla uduzaraq, mübarizəni dayandırıb.
Qeyd edək ki, Qasımov cüdo yığmamızın Londondakı son ümidi idi. Çox təəssüf ki, ondan öncə Olimpiadada tatamiyə çıxan bütün cüdoçularımız da uğursuzluqla qarşılaşmışdılar. Belə ki, 60 kq-da İlqar Muşkiyev, 81 kq-da Elnur Məmmədli və Kifayət Qasımova (57 kq) elə ilk döyüşündəcə uduzaraq, olimpiada ilə erkən vidalaşıb. Rüstəm Orucov (73 kq), Elxan Məmmədov (90 kq) və Ramilə Yusubova (63 kq) 1/8 finalda uduzub. Tərlan Kərimov (66 kq) isə turniri 7-ci pillədə başa vurmuşdu.