AİBA-nın Ağacan Əbiyevi yarışlardan kənarlaşdırmasının səbəbləri bəlli oldu
3 avqust 2012 12:35

Azərbaycan Boks Federasiyasının prezidenti Ağacan Əbiyevin London Yay Olimpiya oyunları çərçivəsində təşkil olunan boks yarışlarından kənarlaşdırılmasının səbəbi müəyyənləşib. Azerisport.az xəbər verir ki, hələlik beynəlxalq qurum (AİBA) Əbiyevin yarışlardan kənarlaşdırılmasının səbəbini rəsmi olaraq açıqlamasa da, “Reuters”dən olan həmkarlarımız bunu öyrənə biliblər.
AİBA-nın bu haqda qərarına qeyd olunub ki, Əbiyev öz ölkəsinin idmançıları və federasiya rəsmiləri ilə ünsiyyətə cəhd etdiyinə görə yarışlardan kənarlaşdırılır. Halbuki bu, AİBA-nın qaydalarına ziddi.
Maraq üçün bildirək ki, Əbiyev AİBA-nın Olimpiada üçün texniki komitəsinin üzvü idi. Bu Komitənin üzvü olan hər kəs öz ölkəsinin boksçuları, federasiya rəsmiləri və digər şəxslərlə ünsiyyətdə olmamalıdı.
Artıq Əbiyev sözügedən komitə üzvlərinin yaşadığı oteldən də uzaqlaşdırılıb. Bu haqda qərarı AİBA-nın prezidenti Çinq-Kuo Vu şəxsən qəbul edib.