Mustafayeva Olimpiadanı 12-ci pillədə başa vurdu (YENİLƏNİB)
4 avqust 2012 15:09

Azərbaycanın qadın akademik avarçəkəni Nataliya Mustafayeva bu gün London Yay Olimpiya Oyunlarında son sınağına çıxıb. Azerisport.az xəbər verir ki, turnirin əsas finalına yüksələ bilməyən 27 yaşlı idmançımız B finalında 7-12-ci yerlər uğrunda mübarizə aparıb.
1 nəfərlik qayıqla (W1X) çıxış edən Mustafayeva 2000 metr məsafəyə yürüşdə rusiyalı Yuliya Levina, litvalı Donata Vistartayte, almaniyalı Mariya-Luisa Dreger, isveçli Frida Svensson və amerikalı Jenevra Stoundan güclü olmağa çalışıb. Lakin təəssüf ki, təmsilçimiz bu yarışda da ciddi uğur qazana bilməyib. O, bütün rəqiblərin geri qalaraq, Olimpiadanı 12-ci yerdə başa vurub - 8:23.64.
Nataliyanın digər rəqiblərinə gəlincə, ABŞ idmançısı bu qrupda 1-ci (olimpiadada 7-ci), Litva avarçəkəni 2-ci, Rusiya təmsilçisi isə 3-cü olub.
Qeyd edək ki, akademik avarçəkmə yarışlarında kişilərin 1 nəfərlik qayıqla (M1X) 2000 metr məsafəyə yürüşündə Aleksandr Aleksandrov əsas finala vəsiqə qazansa da, o, sadəcə beşinci yeri tuta bilmişdi.