Rəhimov da Olimpiada ilə vidaşaldı (YENİLƏNİB)
5 avqust 2012 17:45

Bu gün Camal Rəhimov London Yay Olimpiadasında növbəti sınağına çıxıb. Azerisport.az xəbər verir ki, atçılığın konkur növü üzrə yarışlarda çıxış etmək hüququ qazanan çaparımız ikinci təsnifat mərhələsində çıxış edib
Qeyd edək ki, 24 yaşlı idmançımız fərdi konkur yarışlarında Varrior adlı atla çıxış edirdi. O, ötən gün ilk təsnifat mərhələsində ideal olmasa da, uğurlu çıxış edə bilmişdi. Belə ki, 85,09 saniyəlik göstərici və 5 cərimə balı ilə Rəhimov 53-cü yeri tutmuş və növbəti mərhələyə adlayan 60 ən güclü arasına yer ala bilmişdi.
Bu gün isə o, üçüncü təsnifat mərhələsinə vəsiqə qazanmaq üçün 45 ən güclü arasında yer almalı idi. Maraq üçün bildirək ki, yekun nəticə zamanı Camalın ilk təsnifat mərhələsində qazandığı 5 cərimə balı da nəzərə alınacaqdı.
Yarışa Bakı vaxtı ilə saat 15:00-da start verilib. Lakin təəssüf ki, Camalın bu dəfəki çıxışı daha uğursuz alınıb. O, yarışı 13 cərimə balı ilə bitirib. Sonda isə çaparımız 45 ən güclü arasında yer ala bilməyib və Rəhimov üçün də Olimpiada bitib.