Azərbaycan apelyasiya şikayəti verdi
6 avqust 2012 14:09

Azərbaycan boks yığmasının məşqçilər korpusu London Yay Olimpiadasında çıxış edən yeganə qadın boksçumuz Yelena Vıstropovanın nigeriyalı Edit Oqoke ilə görüşünün nəticəsindən AİBA-ya apelyasiya şikayəti verib. Azerisport.az xəbər verir ki, Azərbaycan Boks Federasiyası bu görüşün hakimlərinin verdiyi qərarlardan narazıdı.
Onlar Beynəlxalq Boks Federasiyasından bu görüşün nəticəsinə bir daha baxmağı xahiş ediblər.
Qeyd edək ki, qadın boksunda Olimpiadalardakı ilk təmsilçimiz olan Vıstropova mübarizəyə birbaşa 1/8 finaldan başlayıb. O, Edit Oqoke ilə döyüşünün ilk raundunda məğlub olub - 2:4. İkinci raundda yenə oxşar hesab qeydə alınıb - 2:4. Üçüncü raundda isə Yelena qalib gəlib - 6:3. Çox təəssüf ki, son raundda təmsilçimiz yenə uduzub - 2:3. Beləliklə, Yelena ümumi nəticədə 12:14 hesabı ilə uduzub. Amma göründüyü kimi, məşqçilərimiz onun məğlubiyyətə layiq olmadığı fikrindədi.